“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) Ağdam rayonunda müştərilərini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank Ağdam Rayon Məhkəməsinə müraciət edərək müştərisindən 3202 manat əsas, 575 manat faiz, 25 manat cərimə olmaqla, cəmi 3802 manat borcun və 51 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
“Unibank”ın nümayəndəsi daha bir müştərisinə qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldırıb. İddia tələbinə əsasən, iddiaçı cavabdehdən 260 manat əsas, 58 manat faiz, 17 manat cərimə olmaqla, cəmi 335 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmə hər iki iddia tələbini təmin edib.
Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin 9 ayının nəticəsinə görə bankda vaxtı keçmiş kreditlərin həcmi 55,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında 6-dır.
Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər , Səbail və Nizami rayonlarında, həmçinin Abşeron, İsmayıllı, Ağdam, Şəmkir , Gədəbəy, Siyəzən və İmişli rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.