“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir neçə müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu dəfə Bakının Nizami Rayon Məhkəməsinə müraciət edərək müştərisindən 367 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Belə ki, “Unibank” SMS vasitəsi ilə müştəriyə illik 28 faiz olmaqla 300 manat məbləğində kredit xətti açılıb, lakin sonradan borcalan həmin krediti qaytarmayıb.
Məhkəmə iddia tələbini qismən təmin edərək cəmi 343 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutulması barədə qətnamə çıxarılıb.
Bundan başqa, bank həmin məhkəmədə daha bir müştərisinə qarşı iddia qaldırıb. İddia tələbinə əsasən “Unibank”ın verdiyi 1698 manat kredit vaxtında ödənilməyib və 1237 manat əsas, 82 manat faiz borcu, 45 manat cərimə olmaqla, cəmi 1365 manat borcu yaranıb.
Məhkəmə bu iddia tələbini də qismən təmin edib. Cavabdehdən cəmi 1300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb.
Başqa bir müştərisi isə “Unibank”dan hələ 2022-ci ildə götürdüyü 1500 manat kreditə görə Nizami Rayon Məhkəməsinə düşüb. Onun banka cəmi 1226 manat borcu yaranıb.
Məhkəmə bu iddia tələbini tam təmin edilməsi barədə qətnamə çıxarıb.
“Unibank” ASC-nin Nizami Rayon Məhkəməsində qaldırdığı dördüncü iddia isə illik 27,6 faizlə veridyi 1900 manat məbləğində kredit ilə bağlıdır.
Borcalan kreditini ödəməkdən yayınıb və banka 1900 manat əsas, 258 manat faiz, 24 manat cərimə olmaqla, cəmi 2183 manat borcu yaranıb.
Məhkəmə bu iddia tələbini də bank xeyrinə qəbul edilməsi barədə qətnamə çıxarıb.
Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.
Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər və Səbail rayonlarında, həmçinin İsmayıllı, Ağdam, Şəmkir , Gədəbəy, Siyəzən və İmişli rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.