Dövlətə 17 min manatdan çox borcu olan şirkətin rəhbərinə "stop" qoyuldu.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Kommersiya Məhkəməsi "SF-Seramik" MMC-nin rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.
Dövlət Vergi Xidmətinin ərazi vergi idarəsi şirkətin dövlət büdcəsinə və fondlara olan borclarının ödənilməsini təmin etmək üçün məhkəməyə müraciət edib.
Şirkətin 14 685,09 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 2 195,29 manat, İcbari Tibbi Sığorta Fonduna 318,18 manat və İşsizlikdən Sığorta Fonduna 90,89 manat borcu var. Ümumilikdə borcun məbləği 17 289,45 manat təşkil edir.
Məhkəmə materiallarına əsasən, şirkətə borcun beş gün ərzində ödənilməsi barədə bildiriş göndərilsə də, ödəniş edilməyib. Şirkətin nümayəndəsi isə məhkəmə iclasında borcun məbləğini qəbul etmədiyini bildirib.
Hakim Könül Mirzəfərovanın qərarı ilə ərizə təmin edilib. Şirkət rəhbərinin ölkədən getmək hüququ borclar ödənilənədək müvəqqəti məhdudlaşdırılıb. Həmçinin ondan 100 manat dövlət rüsumunun tutulması qərara alınıb.
Qeyd edək ki, "SF-Seramik" MMC-nin hüquqi ünvanı Salyan şəhəri, X.R. Ulutürk küçəsi, ev 28, mənzil 6-dır. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Yunus İlqar oğludur.