“Caspian Rock Solutions” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən şirkətdə araşdırma aparılıb.
Məlum olub ki, “Caspian Rock Solutions” MMC 2025-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı həmin il ödənilməsinə baxmayaraq, tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumat qanunla müəyyən edilmiş 5 gün müddətində deyil, 2026-cı ildə qeydiyyat orqanına təqdim edilib.
Rəsmi sənədlərə görə, “Caspian Rock Solutions” MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edib, təsisçiləri Dadaşev Zaur İldar oğlu və digər iki şəxsdir.
“Caspian Rock Solutions” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC 1000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, neft-qaz və sənaye sektoru üçün kompleks texnoloji və mühəndislik həlləri təqdim edən "Caspian Rock Solutions" əsas fəaliyyət istiqamətlərinə quyuların qazılması və tamamlanması üzrə inteqrasiya olunmuş xidmətlər (IPM/ISM), qazma baltaları və quyudibi avadanlıqların təchizatı, geoloji kəşfiyyat proqram təminatları, yüksək təzyiq sistemləri (Resato texnologiyaları), eləcə də sənaye izolyasiyası və texniki xidmət daxildir. Şirkətin direktoru Orxan Məmmədovdur.