Azərbaycanda məhkəmə prosesləri, çıxarılan qərarlar, məhkəmə-hüquq sistemindəki yeniliklər və hüquqi məsələlərlə bağlı ən son xəbərlər. İqtisadi mübahisələrlə bağlı məhkəmə qərarları, iddialar və hüquqi proseslər haqqında operativ və obyektiv məlumatlar təqdim olunur
Xaricə 47 min dollar göndərdi, şirkətə 9 min dollardan çox cərimə kəsildi
“Caspian Supply Company” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 47,4 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Caspian Supply Company” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində törətdiyi inzibati xətanın obyekti olmuş vəsaitin iyirmi faizi miqdarında, yəni 9,5 min dollar cərimə edilib.
Qeyd edək ki, "Caspian Supply Company" Azərbaycanda neft və qaz sənayesində beynəlxalq kəşfiyyat və hasilat şirkətlərinin təchizatçısı olub. Şirkət 2024-cü ildə fəaliyyətini dondurub.
“Azəriqaz” İstehsalat Birliyi vətəndaşı məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinə müraciət edən “Azəriqaz”ın iddia ərizəsinə görə, abonent ilə 2018-ci ildə imzalanmış həmin müqavilə əsasında İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar İdarəsi tərəfindən abonent kodu verilib, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılıb.
Lakin abonent istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməyib. Bildirilib ki, cavabdehin ödənilməmiş 2026-cı ilin sentyabr ayınadək 2761 manat sərfiyyat və 9 manat sabit tarif üzrə borcu qalıb.
Belə ki, ötən aya qədər abonent 2985 manat dəyərində təbii qazdan istifadə edib və cəmi 224 manat məbləğində ödəniş edib.
“Azəriqaz” İstehsalat Birliyinə olan debitor borc üzrə 2761 manatın, sabit tarif üzrə 9 manatın və 48 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2818 manat pulun cavabdehdən məcburi qaydada tutulması istənilib.
Məhkəmə iddia tələbini təmin edib.
Döşəmə örtüklərinin satışı və quraşdırılmasını həyata keçirən “Vibrant” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) inzibati qaydada protokol yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC tərəfindən 52 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdən 15 min ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Vibrant” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 3 min ABŞ dolları cərimə edilib.
Bundan başqa, “Vibrant” MMC-nin başqa bir iş üzrə xaricə köçürdüyü pulların hesabına olan malların ölkəyə gətirilmədiyi məlum olub. MMC tərəfindən 61 min ABŞ dolları məbləğində vəsait avans olaraq ölkə xaricinə köçürülüb və həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarına əsasən, MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 61 min ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 12 200 ABŞ dolları cərimə edilib.
Qeyd edək ki, "Vibrant City" brendi altında tanınan "Vibrant" MMC tikinti, təmir və interyer sahəsində, xüsusilə müxtəlif növ döşəmə örtüklərinin satışı və quraşdırılması istiqamətində fəaliyyət göstərən şirkətdir. Cəmi 20 manatlıq nizmnamə kapitalı ilə yaradılmış "Vibrant" MMC-nin hazırda dövlətə 3 milyon manat vergi borcu yığılıb. Şirkətin direktoru Kamal Əsgərovdur.
“İnşaat-Tərəqqi" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 17,6 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməlyatların aparılması qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələbinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “İnşaat-Tərəqqi" MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 3519 avro cərimə edilib.
Qeyd edək ki, “İnşaat-Tərəqqi" MMC 2004-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10manat olan şirkətin rəhbəri Aftil Aydınovdur.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Motors” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İmprotex Motors” MMC tərəfindən 55,2 min İngilis funt sterlinqi məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməlyatların aparılması qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələbinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdən 8,9 min İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 8,9 min İngilis funt sterlinqi valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 1770 İngilis funt sterlinqi (təxminən 4 min manat) məbləğində cərimə edilib.
Sosial platformalarda, xüsusilə canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirlib.
Yurd.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, o 3 il azadlıqdan məhrum edildi
Qeyd edək ki, 1996-ci il təvəllüdlü Rövşən Süleymanzadə bu ilin ilin yanvarında polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanub.
Rövşən Süleymanzadənin barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bundan əvvəl müvafiq qərarla R. Süleymanzadə ötən ilin noyabrında inzibati qaydada 45 sutka həbs edilib.
Eyni əməllərə görə, həmin ilin aprelində də o, inzibati qaydada 20 sutka həbs olunub.
Kredit borcunun gecikdirilməsinə görə radio kanalı 30 min ABŞ dolları əlavə faiz tutulacaq.
Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, “Xalq Bank” ASC-nin “Antenn” Müstəqil Teleradio Kompaniyasına (keçiş radio "Antenn”) qarşı məhkəmə çəkişməsi yekunlaşıb.
Belə ki, 2019-cu ildə “Xalq Bank” ASC ilə “Antenn” Müstəqil Teleradio Kompaniyası arasında 36 ay müddətinə, illik 7% olmaqla, 300 min ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanıb. Müqaviləyə 2020-ci ildə bir neçə əlavə saziş də imzalanıb.
Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə borcalan və digər şəxslərə məxsus daşınmaz əmlaklar da ipoteka ilə yüklü edilib. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, ümumi sahəsi 301 kvadratmetr olan qeyri-yaşayış sahəsi, həmin prospektin 189 ünvanında yerləşən 43,3 kvadratmetrlik qeyri-yaşayış sahəsi, eləcə də digər ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və onun üzərindəki 73 kvadratmetrlik qeyri-yaşayış binası ipoteka predmetləri olub.
Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən bank məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsinin 2023-cü ildə qəbul etdiyi qətnamə ilə borcalandan 210 min 347,86 ABŞ dolları əsas borc, 22 min 626,42 ABŞ dolları faiz borcu, 10 min 0,29 ABŞ dolları dəbbə pulu, eləcə də müəyyən dövr üçün hesablanmış 2 min 223,52 ABŞ dolları məbləğində borcun tutulması müəyyən edilib.
Bakı Apellyasiya Məhkəməsi 2024-cü ildə həmin qətnaməni faiz borcu və dəbbə pulu hissələrində dəyişdirib. Nəticədə faiz borcu 101,02 ABŞ dolları, dəbbə pulu isə 6 min 318 ABŞ dolları müəyyən olunub. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə 2025-ci ildə apellyasiya instansiyasının qərarını mübahisələndirilən hissədə dəyişdirmədən saxlayıb.
Sonradan “Xalq Bank” yenidən məhkəməyə müraciət edərək əsas borcun gecikdirilməsi ilə əlaqədar əlavə faiz və cərimənin tutulmasını tələb edib. İddia ərizəsində 2022-ci ildən 2025-ci ilədək olan dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dolları, habelə 2023-cü ilin müəyyən dövrü üçün illik 15 faiz dərəcəsi ilə hesablanmış 2 min 217,28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 32 min 762,51 ABŞ dollarının və ödənilmiş 257,09 manat dövlət rüsumunun “Antenn” Müstəqil Teleradio Kompaniyasından tutulması xahiş edilib.
Bank iddiasını onunla əsaslandırıb ki, əvvəlki məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borc icra mərhələsində cavabdeh tərəfindən ödənişlər edilməklə tam bağlansa da, borcun gecikdirilməsi nəticəsində əlavə maliyyə tələbləri yaranıb. İddiaçının mövqeyinə görə, əsas borcun gecikdirilmiş məbləğinə görə müqavilənin 6.2-ci bəndinə əsasən illik 15 faiz dərəcəsi ilə hesablanan 2 min 217,28 ABŞ dolları cərimə ödənilməlidir.
Bundan başqa, bank bildirib ki, əsas borc yalnız 2025-ci ildə qaytarıldığından, həmin müddət ərzində vəsaitdən istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda şəklində zərərə məruz qalıb. Bu səbəbdən 2022-ci ildən borcun faktiki ödənildiyi tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dollarının tutulmasını tələb edib.
İş üzrə keçirilmiş ekspertiza zamanı 2022-ci ildən 2023-cü ilədək olan dövr üçün hesablanmış məbləğ 16 min 467,61 ABŞ dolları, 2023-cü ildən 2025-ci ilədək olan dövr üçün isə 22 min 56,64 ABŞ dolları göstərilib.
Bakı Kommersiya Məhkəməsinin 2026-cı ildə qəbul etdiyi qətnamə ilə iddia qismən təmin edilib. Məhkəmə kredit xətti müqaviləsi üzrə əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dollarının cavabdehdən tutularaq banka ödənilməsinə qərar verib. Məbləğin tutulduğu vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat ekvivalentində ödənilməsi müəyyən edilib.
Məhkəmə iddianın cərimə ilə bağlı hissəsini isə təmin etməyib. Qətnamədə göstərilib ki, kredit xətti müqaviləsi 2022-ci ildə birtərəfli qaydada ləğv edildiyindən, bankın müqavilə müddətindən sonrakı dövr üçün cərimə hesablamasının hüquqi əsası yoxdur.
Bununla yanaşı, məhkəmə “Antenn” Müstəqil Teleradio Kompaniyasından bankın xeyrinə 240 manat dövlət rüsumu, həmçinin 100 manat ekspertiza xərcinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsinə qərar verib.
Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddianın tamamilə rədd olunmasını istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.
Daha sonra “Antenn” Müstəqil Teleradio Kompaniyası kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətdə Mülki Məcəllənin 445.7-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinə istinad olunub.
Kassasiya şikayətində qeyd edilib ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa qayda müəyyən edilmədiyi halda, borclu pul öhdəliyinin icrasını gecikdirdikdə kreditor gecikdirilmiş məbləğə illik 5 faiz tələb edə bilər. Cavabdehin mövqeyinə görə, məhkəmə ekspertizasının rəyində borcun hesablanması zamanı 5 faiz əvəzinə 7 faiz dərəcəsindən istifadə olunub və bu hal borcun düzgün müəyyən edilməməsinə səbəb olub.
Şikayətdə həmçinin bildirilib ki, birinci instansiya məhkəməsi ekspert rəyindəki uyğunsuzluğu texniki xarakterli hesab edərək qərarını həmin rəyə əsaslandırıb. Halbuki, cavabdehin fikrincə, bu uyğunsuzluq nəzərə alınmalı, borcun hesablanmasının düzgünlüyü yoxlanılmalı idi.
Ali Məhkəmə kassasiya şikayətini araşdıraraq onun təmin edilməməsi barədə qərar qəbul edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ildə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılıb.
Beləliklə, bankın əsas borcun gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dolları məbləğində əlavə faiz tələbinin təmin olunması barədə məhkəmə qərarı qüvvədə qalıb, müqavilə müddətindən sonrakı dövr üçün tələb edilən cərimə isə tutulmayıb.
Qeyd edək ki, Azərbaycan mətbuatında yayılan məlumatlarda “Antenn” Müstəqil Teleradio Kompaniyasının Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu qeyd edilir.
“Hacı Mirzəlioğlu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 14 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 2800 ABŞ dolları cərimə edilib.
Bundan başqa, “Hacı Mirzəlioğlu” MMC-nin daha bir valyuta qaydalarının pozuntusuna görə cərimə olunması barədə qərar verilib.
MMC tərifindən 6 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürüb.
Lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 1200 ABŞ dolları cərimə edilib.
Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən “Hacı Mirzəlioğlu” şirkətinin rəhbəri Cəfərov Elman Mirzəli oğludur.
“Kontakt Home” və ya “ABC Telekom” MMC-yə yaxın olan “Nova Credit” daha bir müştərisini paytaxtın Binəqədi rayonunda məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştəriləri ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək müştərisi tərəfindən ödənilməmiş 530 manat əsas və 53 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını istəyib.
Bundan başqa, şirkət 1144 manat məbləğində əsas borcun, 115 manat məbləğində dəbbə pulu borcunun, cəmi 1259 manat borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Məhkəmə hər iki iddia tələbini təmin edib.
Qeyd edək ki, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət bundan əvvəl Sabirabad Rayon Məhkəməsində müştərilərinə qarşı pul tələbinə dair iddia qaldırmışdı, ona yaxın olan “ABC Telecom" isə Bakının Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən , Şəmkir, İsmayıllı, Quba, Ağdaş rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub..
Xatırladaq ki, “Nova Credit” BOKT 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Həsən İsrafilzadədir. O “Kontakt Home” əmtəə nişanı ilə fəaliyyət göstərən “ABC Telekom” MMC-nin direktorudur.
“Adem İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, kafel, metlax satışı ilə məşğul olan şirkət tərəfindən 16 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Buna görə də “Adem İnşaat” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şirkət barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 3222 ABŞ dolları cərimə edilib.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən “Adem İnşaat” MMC-nin əsasən kafel, metlax, keramoqranit və digər tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan mağazalar şəbəkəsidir. Şirkətin direktoru Söhbət Abdullayevdir.