SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Türkiyə şirkəti “Kapital Bank”ın texniki səhvinə görə məhkəməlik oldu

Türkiyə şirkəti “Kapital Bank”ın texniki səhvinə görə məhkəməlik oldu

  • 26 noyabr 2026, 10:17

"CDC Teknoloji Çözümleri Limited Şirkəti" barəsində inzibati protokol yazılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin Azərbaycandakı Filialı tərəfindən 109,6 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 61,8 min avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Şirkətinin nümayəndəsi bildirib ki, müvafiq sənədlərin banka vaxtında təqdim edilməməsi səbəbindən müəyyən gecikmə yaranıb. O, bütün ödənişlərə dair təsdiqedici sənədlər, o cümlədən gömrük bəyannamələri təqdim edib. Nümayəndə qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta tərkibi mövcud olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib. 

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankına təqdim edilmiş sənədlərin əksəriyyəti imzalanmış sənədlər olub. 

Lakin “Kapital Bank”da sənədlərin hazırlanması zamanı texniki səhvlərə yol verilib, sonradan həmin səhvlər “Kapital Bank” tərəfindən düzəldilib. Düzəliş edilmiş sənədlər də daxil olmaqla, bütün təsdiqedici sənədlər iş materiallarına əlavə edilib. 

Sistemdə olan məlumatlardan görünür ki, Mərkəzi Bankın inzibati məsuliyyət məsələsi qaldırılmasından əvvəl sənədlərlə bağlı yaranmış məsələ həll edilib. Sənədlərin vaxtında təqdim edilməməsi ilə bağlı yaranmış vəziyyətin “Kapital Bank”ın sənədlərin hazırlanması zamanı yol verilmiş texniki səhvlərlə əlaqədar olduğu göstərilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə "CDC Teknoloji Çözümleri Limited Şirkəti"nin Azərbaycandakı filialının əməlində inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən protokola inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilib. 

Bundan başqa, CDC Teknoloji Çözümleri Limited Şirkəti ilə bağlı Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən də protokol tərtib edilib. 

Protokoldan görünüb ki, 2026-cı il tarixdə Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən CDC Teknoloji Çözümleri Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmiş sorğu 2026-cı il tarixdə “D.Səfərov” adlı şəxs tərəfindən imzalanmaqla qəbul edilib.

Lakin 5 gün vaxt keçsə də, şirkət tərəfindən sorğuya cavab verilməyib.

Buna görə də şirkətin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə "CDC Teknoloji Çözümleri Limited Şirkəti"nin Azərbaycandakı filialının əməlində inzibati xəta olması müəyyən edilməyib və İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilib.

Skat.az - Ev və Avtomobil elanları