SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Alqoritmi sevindirib, müştərini küsdürən şirkətlər - MƏQALƏ

Alqoritmi sevindirib, müştərini küsdürən şirkətlər - MƏQALƏ

  • 24 noyabr 2026, 14:08

Sosial şəbəkələrdə geniş auditoriyaya çatmaq istəyən şirkətlər bəzən qısamüddətli populyarlıq naminə uzunmüddətli biznes maraqlarını riskə atırlar.

Şirkəti, onun hansısa layihəsini diqqət mərkəzinə gətirəndə, mediada və sosial şəbəkələrdə viral olanda həmişə sual vermək lazımdır: bu diqqət şirkətinizə nə gətirdi və nəyin bahasına başa gəldi?...

Müasir kommunikasiya dünyasında şirkətlər görünürlük uğrunda yarışırlar. Bəzən bu yarışda bir məqam unudulur – hamının diqqətini cəlb etmək mümkündür, amma hamının etimadını qazanmaq mümkün deyil. Üstəlik, bir auditoriyanın alqışı digərinin narazılığına çevrilə bilər.

Şirkətin işi hamının xoşuna gəlmək deyil

Reputasiya haqqında danışanda tez-tez yanlış təsəvvür yaranır ki, guya yaxşı reputasiyalı şirkət hamı tərəfindən bəyənilməlidir. Bu, nə mümkündür, nə də ki, lazım.

Şirkətin fəaliyyətinə təsir edən və onun fəaliyyətindən təsirlənən müxtəlif qruplar var: onları paydaş, maraqlı tərəflər adlandırırıq. Bura müştərilər, işçilər, tərəfdaşlar, investorlar, dövlət qurumları və cəmiyyətin əlaqəli qrupları daxildir. Bu qrupların gözləntiləri eyni deyil. Bəzən hətta bir-birinə zidd olur. Deməli, reputasiya hamının razılığını almaq deyil. Şirkətin strateji əhəmiyyət daşıyan auditoriyalar qarşısında etibarlı mövqe formalaşdırmaqdır.

Alqoritmin sevdiyi, müştərinin sevmədiyi şirkət

Sosial şəbəkə alqoritmləri diqqət və qarşılıqlı əlaqə yaradan məzmunu önə çıxarır. Mübahisə, təəccüb, qəzəb və istehza da bu qarşılıqlı əlaqəyə daxildir. Buna görə paylaşımın çox yayılması onun müsbət qarşılandığını göstərmir.

Siqnal nəzəriyyəsinə görə, (“Signaling Theory”) şirkətin hər bir ictimai davranışı onun dəyərləri, münasibəti və kimliyi haqqında auditoriyaya siqnal ötürür. Şirkət bir mesajla məhsulunu tanıtmaq istəyə bilər, amma auditoriya həmin mesajdan əlavə onun insanlara münasibəti barədə əlavə nəticələr çıxara bilər.

 

Vüqar BabaVüqar Baba

“Almond” reputasiyasının dondurma talehi

Bir neçə ay əvvəl “Almond Cake & Bakery”nin Taleh Yüzbəyovun iştirakı ilə hazırladığı dondurma reklamı buna nümunə ola bilər. Məhsulun təbiiliyini vurğulamaq üçün estetik prosedur etdirən qadınlar qeyri-təbii qatqıları olan, reklamda “süni” adlandırılan dondurmalarla müqayisə edilmişdi. Sosial şəbəkə istifadəçilərinin bir qismi bunu seksist və alçaldıcı təqdimat kimi qiymətləndirdi. Şirkət tənqidlərdən sonra reklamın yayımını dayandırdı, tam versiyanı səhifəsindən sildi və yaranan narahatlığa görə üzr istədi.

Amma reklamın müəllifi və iştirakçısı Taleh Yüzbəyov tənqidçilərlə razılaşmadı, öz mövqeyini müdafiə etdi və videonun reklamsız variantını şəxsi səhifəsində yenidən paylaşdı. Beləliklə, şirkətin geri çəkildiyi kommunikasiya mövqeyi reklamın müəllifi tərəfindən davam etdirildi.

Bu hadisə bir neçə vacib sual doğurur: Şirkət reklamın ideyasını təsdiqləyərkən onun müxtəlif auditoriyalar tərəfindən necə qəbul ediləcəyini nə dərəcədə qiymətləndirmişdi? Öz müştəriləri arasında neçə faiz estetik korreksiya etdirən qadın olduğunu araşdırmışdımı? Reklam müəllifinin şəxsi mövqeyi ilə sifarişçi brendin mövqeyi harada ayrılır? Şirkət üzr istədikdən sonra öz kommunikasiya tərəfdaşının fərqli mövqeyi brendin reputasiyasına necə təsir edir?

Reklamın viral dalğası ilə satışlar həmin vaxt yüksələ də bilər. Amma böhran sonrası kommunikasiya düzgün qurulmasa həm satış, həm reputasiya dondurma kimi əriyə də bilər. 

Reputasiya səsvermə deyil

Bəs şirkət mübahisəli mövqe tutmamalıdırmı? Əlbəttə, tuta bilər. Hətta bəzi hallarda fərqli mövqe brendi rəqiblərindən ayırır, konkret auditoriya ilə daha güclü bağ yaradır. Hər tənqid reputasiya itkisi deyil. Bəzən şirkətin prinsipial mövqeyi hamının xoşuna gəlməsə də, onun əsas müştəriləri və tərəfdaşları tərəfindən dəstəklənir. Problem mübahisə yaratmaqda deyil, mübahisənin hansı auditoriya ilə və hansı məqsədlə yaradıldığını bilməməkdədir.

Şirkət rəhbərliyi hər kampaniyadan əvvəl üç suala cavab verməlidir: 1) Bu mesaj kimə ünvanlanır? 2) Hansı auditoriyanın narazılığı bizim üçün real reputasiya və biznes riski yarada bilər? 3) Diqqət çəkmək naminə hansı dəyərlərimizi riskə atırıq?

Alqışın da ünvanı var

Sosial şəbəkədə çox bəyənilmək şirkətin uğuru ola bilər. Amma bu rəğbətin kimlər tərəfindən və hansı səbəbdən təmin olunduğunu bilmədən ona reputasiya qazancı demək olmaz. Rəhbərlik üçün əsas göstərici paylaşımın neçə nəfərə çatması deyil, onun şirkətin strateji maraqlarına uyğun olan auditoriyalarla münasibətinə nə qatmasıdır. Çünki şirkət dondurma deyil ki, hamının xoşuna gəlsin. Amma səhv auditoriyanın alqışını öz uğuru hesab edərsə, doğru auditoriyanın etimadını itirə bilər.

Müəllif: Vüqar Baba – Strateji kommunikasiya eksperti

Skat.az - Ev və Avtomobil elanları