Kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə satışı ilə məşğul olan “Azmaş Lizinq” MMC-də rəhbər dəyişikliyi baş verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ziya Bağırzadə lizinq şirkətinin direktoru təyin edilib. O, bu vəzifədə 2020-ci ilin aprelindən şirkətə rəhbərlik edən Fəridə Qaraxanovanı əvəz edib.
2019-cu ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 2,8 milyon manatdır.
Qeyd edək ki, bu ilin sentyabrında Azərbaycan Mərkəzi Bankının apardığı nəzarət tədbirləri nəticəsində şirkət və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şirkət 21 min manat, vəzifəli şəxsi isə 3 min manat cərimələnib.
Cərimələr çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində müştəri uyğunluğu, daxili nəzarət və məlumatların təqdim edilməsi ilə bağlı qanunvericilik tələblərinin pozulmasına görə tətbiq edilib.
“Azmaş Lizinq” MMC Gəncə Avtomobil Zavodunun rəsmi lizinq tərəfdaşıdır. Şirkətin Bakı, Cəbrayıl, Cəlilabad, Gəncə, Qax, Şamaxı, Şirvan və İmişlidə filialları fəaliyyət göstərir.