SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi

Süni intellekt

Süni intellekt

Son zamanlar dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırır. Azərbaycanda da süni intellekt texnologiyalarının ölkəmizin sosial-iqtisadi inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində rolunun artırılması üçün işlərə başlanılıb.

 

Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə Prezident İlham Əliyev 2025-ci ilin 19 mart tarixində "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

05 sentyabr 2026 | 12:02

Azərbaycan və Türkiyə Süni İntellekt üzrə tərəfdaşlığa başladı

Azərbaycan Süni İntellekt İnstitutu ilə Türkiyənin Ankara Universitetinin Süni İntellekt İnstitutu və İntensiv Təhsil Mərkəzi (ANKÜSEM) arasında beynəlxalq təhsil və akademik əməkdaşlıq protokolu imzalanıb.

Yurd.Media xəbər verir ki, Bakı şəhərində imzalanan sənəd süni intellekt və data elmləri sahəsində qlobal təhsil standartlarına cavab verən birgə ixtisaslaşma proqramlarının təşkilini, elmi-metodoloji təcrübə mübadiləsini və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Azərbaycan Süni İntellekt İnstitutunun Süni İntellekt Mühəndisliyi (AI Engineering), Süni İntellekt Əsaslı Data Analitikası (Data Analytics) və Generativ Süni İntellekt (Generative AI) istiqamətləri üzrə intensiv tədris və ixtisasartırma proqramları Ankara Universitetinin aidiyyəti qurumları tərəfindən rəsmi akkreditasiya olunub. Tədris sillabusları və fənn modulları birbaşa Ankara Universitetinin Süni İntellekt İnstitutunun və ANKÜSEM-in akademik heyəti tərəfindən təsdiqlənir və proqram çərçivəsində azərbaycanlı müəllimlər ilə yanaşı tələbələr üçün universitetin professor-müəllim heyətinin iştirakı ilə xüsusi akademik ustad dərsləri və elmi vebinarlar təşkil edilir.

Tədris prosesinin yekununda iştirakçıların praktik mühəndislik səriştəsi onların hazırladıqları tətbiqi bitirmə layihələri (Capstone Project) və kod bazalarının Ankara Universitetinin ekspertləri və yerli mütəxəssis heyəti tərəfindən qiymətləndirilməsi əsasında təsdiqlənəcək. Proqramın akademik tələblərini uğurla yerinə yetirən məzunlar Ankara Universitetinin rəsmi bazasında qeydiyyata alınan beynəlxalq statuslu ixtisaslaşma sertifikatı ilə təltif olunacaqlar.

Azərbaycan Süni İntellekt İnstitutundan bildirilib ki, beynəlxalq tərəfdaşlığın əsas prioriteti nəzəri təlim modelindən çıxaraq, mütəxəssisləri real sənaye tələblərinə cavab verən praktik mühəndislik səviyyəsinə çatdırmaqdır. Ankara Universitetinin köklü akademik təcrübəsi və ixtisaslaşmış elmi mərkəzlərinin dəstəyi ilə həyata keçirilən bu layihə ölkəmizin insan kapitalının və rəqəmsal ekosisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, yerli kadrların qlobal əmək bazarında mövqelərinin möhkəmlənməsinə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənən və rəhbərlik edilən ölkəmizin süni intellekt və aidiyyəti sahələrdə rəqəmsallaşma siyasətinə xidmət edəcək.

İxtisaslaşma proqramları həm fərdi qaydada texnologiya sahəsində karyera qurmaq istəyən mütəxəssislər, gənclər və tələbələr, həm yerli ali təhsil müəssisələri ilə akademik tərəfdaşlıq modelləri çərçivəsində müəllim və tələbələr, həm də özəl və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində yetkin şəxslər üçün nəzərdə tutulub. Yüksək tədris standartlarını təmin etmək məqsədilə dərslərə qəbul riyazi-məntiqi seçim mərhələsi və ilkin müsahibə əsasında aparılır. Tədris proqramları, sillabuslar və qeydiyyat şərtləri haqqında ətraflı məlumat əldə etmək istəyənlər institutun rəsmi internet səhifəsinə (ai-institute.az) və sosial media hesablarına (@ai.edu.az) müraciət edə bilərlər.

07 avqust 2026 | 21:18

Dünyada süni intellektdən on il ərzində 25 dəfə artım PROQNOZU

Dünyada süni intellekt (AI) bazarının on il ərzində 25 dəfə artım etməsi gözlənilir.

Yurd.Media xəbər verir ki, İqtisadiyyat.az-ın araşdırmasına görə, qlobal süni intellekt bazarının həcmi 2025-ci ildə 390,9 milyard ABŞ dolları dəyərində qiymətləndirilib. Bu il isə 539,5 milyard dollara yüksələcəyi gözlənilir.

Hesabata görə, qlobal AI bazarının 2023-cü ildəki 189 milyard dollardan 2033-cü ilə qədər 4,8 trilyon dollara çatacağı proqnozlaşdırılır ki, bu da cəmi on il ərzində 25 dəfə artım deməkdir. O vaxta qədər süni intellekt qlobal texnologiyalar bazarındakı payını dörd dəfə artıra, 7%-dən 29%-ə yüksələ və sektorun dominant qüvvəsinə çevrilə bilər.

Lakin süni intellekt sahəsindəki sürətli artım qlobal uçurumların genişlənməsi riskini yaradır. 2022-ci ildə əsasən ABŞ və Çində yerləşən cəmi 100 şirkət qlobal süni intellekt tədqiqat və inkişafının 40%-ni təşkil edib. Birlikdə, iki ölkə bütün süni intellekt patentlərinin 60%-nə sahibdir və qlobal süni intellekt nəşrlərinin üçdə birini istehsal edir. Süni intellekt artıq kontent yaradılması və məhsul dizaynından tutmuş avtomatlaşdırılmış kodlaşdırma və müştəri xidmətlərinə qədər sənaye sahələrini yenidən formalaşdırır.

Qlobal miqyasda bu, iş yerlərinin 40%-nə təsir göstərə bilər, inkişaf etmiş iqtisadiyyatlarda isə üçdə birinə qədəri avtomatlaşdırma riski altındadır. Süni intellektlə idarə olunan dünyada rəqabət aparmaq üçün inkişaf etməkdə olan ölkələr sənaye siyasətlərini yenidən nəzərdən keçirməli, diqqəti texnologiyaya, innovasiyaya və bilik tələb edən xidmətlərə yönəltməlidirlər.

Süni intellekt sərhədsizdir, lakin onun idarəçiliyi parçalanıbdır və bir neçə varlı ölkə tərəfindən idarə olunur. Yalnız G7 ölkələri bütün əsas süni intellekt idarəetmə təşəbbüslərində iştirak edir, 118 ölkə - əsasən də inkişaf etməkdə olan ölkələr heç birində iştirak etmir.

Bugünkü süni intellekt mənzərəsi çoxmillətli texnologiya nəhəngləri tərəfindən formalaşdırılır. "Apple", "Nvidia" və "Microsoft"un hər birinin bazar dəyəri təxminən 3 trilyon dollardır ki, bu da bütün Afrika qitəsinin iqtisadiyyatının həcmi ilə rəqabət aparır.

06 avqust 2026 | 13:15

Neft sektorunda süni intellekt dalğası: hansı işçilər ixtisar olunacaq? - EKSPERT AÇIQLADI

Süni intellekt tək bank, təhsil və səhiyyə sahələrində deyil, həmçinin neft sektorunda da başlanğıc mərhələsindədir. Bəzi iş sahələri süni intellekt vasitəsilə avtomatlaşdırılıb, vəzifə və kadr dəyişiklikləri də müşahidə olunur. Bəs bu rəqəmsallaşma gələcəkdə neft sektorunda hansı dəyişikliklərə səbəb olacaq?

Enerji məsələləri üzrə ekspert İlham Şaban Yurd.Media-ya bildirib ki, neft sənayesi hazırda süni intellektin geniş tətbiqi dövrünü yaşayır və bu proses gələcək illərdə daha da sürətlənəcək:

"Rəqəmsallaşdırma, yüksək səviyyəli avtomatlaşdırma və süni intellektin tətbiqi əmək bazarına təzyiq göstərən amillərdəndir. Bu təzyiq xüsusilə əvvəllər əl əməyinin üstünlük təşkil etdiyi sahələrdə daha çox hiss olunur".

Ekspert süni intellektin tətbiqinə qarşı çıxan şəxslərlə bağlı da tarixi müqayisə aparıb:

"Misal üçün 1850-ci illərdə Bakı mədənlərindən nefti çıxarıb çəlləklərlə at və eşşək arabaları ilə Qara Şəhərdəki neftayırma məntəqələrinə çatdırırdılar və emal olunmuş məhsulu da yenidən eyni üsulla daşırdılar. Sonra boru kəməri tətbiq edilməsi ilə onu daşıyan insanlar işsiz qaldılar. Buna etiraz olaraq da bəzən həmin insanlar o kəmərləri sıradan çıxarmağa çalışırdılar. Lakin sonradan işsiz qalanlar texnoloji tərəqqinin ortaya çıxardığı digər işlərə cəlb olundular". 

Enerji məsələləri üzrə ekspert İlham ŞabanEnerji məsələləri üzrə ekspert İlham Şaban

O qeyd edib ki, indi zaman dəyişib, ancaq süni intellektin əmək bazarına təzyiqi reallıqdır:

"20-30 il əvvəl platformada 200 adam çalışırdı sonradan bu 4 dəfə azaldı. Çünki avtomatlaşdırma sürətlənib. Neft sahəsində ən mürəkkəb məsələ qazma prosesinin avtomatlaşdırlması idi. Hazırda Azərbaycanın layihələrində, o cümlədən Şahdəniz-2 layihəsində robotlaşdırılmış hasilat sistemləri tətbiq olunur. Bu Abşeron-2 və Qarabağ yatağında da həyata keçiriləcək. Hazırda həyata keçirilən "Şahdəniz Kompressiya" layihəsində isə platformada ümumiyyətlə insan olmayacaq, bütün idarəetmə Səngəçaldan həyata keçiriləcək".

Ekspert qeyd edib ki, 2012-ci ildə Dövlət Neft Şirkətində işçilərin sayı 78 mindən çox idi.

"Neft sənayesi qəza riskinin yüksək olduğu sahələrdən biridir. İnsansız platformalar həm təhlükəsizliyi artırır, həm də məhsuldarlığı yüksəldir. Robotlaşdırılmış sistemlər insan amilindən asılı olmadığı üçün daha sabit işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) də işçilərin sayının azalması obyektiv prosesdir. 2012-ci ildə şirkətdə 78 mindən çox insan çalışırdı, bəs bu qədər insan nə dəyər yaradırdı? Halbuki BP şirkəti 5 min adamla 50 milyon tondan çox neft hasilatı həyata keçirirdi. SOCAR-da bazar münasibətləri ilə uyğun olmayan personalı var idi. Hazırda isə bu rəqəm təxminən 42 min nəfərdir və gələcəkdə daha da azalacağı gözlənilir. Bu qaçılmaz prosesdir."

İlham Şaban sərbəstləşən işçilərin işsizliyi məsələsinə də toxunub:

"Hökumət sərbəstləşən işçilərin iqtisadiyyatın digər sahələrdə məşğulluğunu təmin etməlidir. Bu insanların bəzilərinin 30 ilə yaxın peşəkar təcrübəsi var. İnsan kapitalından səmərəli istifadə edən ölkələr daha çox rifah və iqtisadi dəyər yarada bilirlər." - deyə o bildirib.

24 iyul 2026 | 13:28

Generativ süni intellekt sistemlərinin mediada effektiv istifadə imkanları

Media redaksiyaları süni intellekt texnologiyalarından jurnalistin çox vaxt sərf etdiyi, təkrarlanan və texniki xarakter daşıyan işlərin icrasında istifadə edirlər. Beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında qeyd edilir ki, tərcümə işlərinin, avtomatik transkripsiyaların hazırlanması, canlı subtitrlərin yaradılması kimi müxtəlif proseslərin Aİ vasitəsilə icra edilməsi artıq media üçün gündəlik təcrübəyə çevrilib.

AI-nin ən geniş istifadə sahələrindən biri də audio və videomaterialların mətnə çevrilməsidir. Müsahibələr, çıxışlar, press-konfranslar və digər audio-video materiallar AI vasitəsilə daha qısa müddətdə transkripsiya edilə bilir. Bu, jurnalistin məlumatı araşdırmasını, ondan xəbər, sitat və digər məzmun formaları hazırlamasını asanlaşdırır.

Tərcümə və çoxdilli məzmun istehsalı Aİ-nin media üçün mühüm töhfələrindən biridir. Xüsusilə transmilli media qurumları üçün bir materialın müxtəlif dillərə çevrilməsi həm vaxt, həm də resurs tələb edən prosesdir. Məsələn, EBU-nun (Avropa Yayımçılar Birliyinin) hesabatında qeyd edilir ki, Deutsche Welle 32 dildə yayımlanan verilişlərində AI əsaslı tərcümə və səsləndirmə texnologiyalarından istifadə edir. Bu, materialların başqa dillərdə hazırlanmasını sürətləndirməyə yardım edir. DW-nin baş redaktoru Manuela Kasper-Claridge EBU araşdırması üzrə müsahibəsində bildirib ki, AI tərcümə və səsləndirməyə sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bununla yanaşı, DW redaktoru AI tərəfindən hazırlanmış tərcümə və səsləndirmənin redaktor tərəfindən yoxlanmasının vacibliyini vurğulayır ( https://www.ebu.ch/news/2024/08/you-cant-look-at-genai ).

Reuters Agentliyinin qlobal mövzular üzrə redaktoru Jane Barrett EBU ilə müsahibəsində qeyd edib ki, şirkətin əməkdaşları AI-dən istifadə üzrə təlim keçiblər: “Bu texnologiyadan ilkin redaktə və xəbərlərin qısa mətnlərə çevrilməsində istifadə edirlər. Redaksiya video transkripsiya, tərcümə, üz tanıma kimi məsələlərdə də Aİ-dən faydalanırlar”.

AI-nin digər mühüm tətbiq istiqaməti böyük həcmdə məlumatların ilkin emalı və təhlilidir. Jurnalistlər böyük sənədləri, məlumat bazalarını və çoxsaylı materialları daha sürətli nəzərdən keçirmək, müəyyən nümunələri aşkar etmək üçün AI-dən yararlanırlar. Süni intellekt eyni media materiallarını müxtəlif auditoriyalara və platformalara uyğunlaşdırmağa imkan verir. Yəni, AI təkcə xəbər istehsalının sürətini artırmır, həm də jurnalistik məzmunun müxtəlif formatlarda və daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Avropa Yayımçılar Birliyi qeyd edir ki, belə işlərin avtomatlaşdırılması jurnalistə araşdırma, müsahibə, fakt yoxlaması üçün daha çox vaxt ayırmağa imkan yaradır. Amma bu, AI-nin “jurnalistin yerinə işləməsi” deyil. O, sadəcə texniki işləri öz üzərinə çıkməklə, jurnalistin daha vacib işlərə vaxt ayırmasına imkan yaradır. Burada əsas vurğu odur ki, generativ AI mediada əsas prinsipləri, jurnalistin peşəkar mühakiməsini əvəz etmir. Jurnalistin vaxtını alan texniki xarakterli, təkrarlanan işləri yüngülləşdirir.

Süni intellekt mediada hansı müsbət dəyişiklikləri yaradıb?

Reuters İnstitutunun 2025-ci il üzrə araşdırmasına görə, sorğuya qatılan media rəhbərlərinin 87 faizi generativ AI-nin xəbər redaksiyalarını qismən, bəziləri isə tamamilə dəyişdirdiyini bildiririblər. Respondentlərin 77 faizi generativ AI-nin məzmun yaradılmasında, 73 faizi isə fakt toplama funksiyalarında, o cümlədən verifikasiya, data jurnalistikası və araşdırmalarda mühüm rol oynaydığını bildiriblər ( Journalism, media, and technology trends and predictions 2025: https://reutersinstitute.politics.ox.ac.uk/journalism-media-and-technology-trends-and-predictions-2025 ).

AI-nin mediaya təsiri bununla bitmir. Texnologiya jurnalistikanın daha geniş auditoriyaya çıxış imkanlarını artırır. Reuters İnstitutunun eyni adlı hesabatında qeyd edilir ki, sorğuda iştirak etmiş 326 media rəhbərinin 75 faizi Aİ-dən mətni səsli (audio) formata çevirmək, 70 faizi xəbərlərin əvvəlində xülasələrin hazırlanması, 65 faizi materialların müxtəlif dillərə tərcümə edilməsi üçün istifadə etməyi planlaşdırır. Yəni, əksəriyyət AI-dən köməkçi funksiyalarda istifadə olunmasını daha məqbul hesab edir.

Digər mühüm dəyişiklik data jurnalistikasında müşahidə olunur. İspaniyanın “Datadista layihəsi”nin təmsilçiləri Reuters sorğusuna cavablarında bildiriblər ki, böyük həcmdə sənədlərin, məlumat bazalarının və müxtəlif mənbələrdən gələn informasiyanın ilkin emalı əvvəllər jurnalistlər üçün həftələr, bəzən aylar tələb edirdi. İndi isə Aİ bu işləri dəqiqələr, bəzən isə saniyələr ərzində yerinə yetirə bilir ( https://reutersinstitute.politics.ox.ac.uk/journalism-media-and-technology-trends-and-predictions-2025 ). Beləliklə, generativ AI medianın sürət, məhsuldarlıq, çoxdillilik, əlçatanlıq və məzmunun müxtəlif formatlarda təqdim olunması imkanlarını genişləndirir.

Lakin burada mühüm bir məqamı nəzərdən qaçırmaq olmaz ki, sürət jurnalistikanın özü deyil. Jurnalistikanın dəyəri xəbəri tez hazırlamaqda yox, mənbəni qiymətləndirməkdə, faktları yoxlamaqda, konteksti müəyyənləşdirməkdə və ictimai marağı nəzərə almaqda ifadə olunur. EBU-nun yanaşmasına görə, AI texniki işləri öz üzərinə götürdükcə, jurnalistin peşəkar dəyəri-araşdırma, mənbə ilə ünsiyyət, fakt yoxlaması daha çox ön plana çıxır.

Beynəlxalq media təşkilatlarının AI barədə dəyərləndirmələri

AI-nin jurnalistikaya təsiri ilə bağlı beynəlxalq təşkilatların yanaşmasında diqqət çəkən məqam texnologiyanın nə tamamilə təhlükə, nə də avtomatik həll yolu kimi təqdim edilməsidir. Ümumi yanaşma budur ki, AI jurnalistikanın imkanlarını genişləndirə bilər, lakin onun istifadəsi insan nəzarəti, peşəkar məsuliyyət və jurnalistikanın əsas prinsipləri ilə müşayiət olunmalıdır.

Avropa Yayımçılar Birliyi (EBU) qeyd edir ki, redaksiyalar AI-nin jurnalistin yerinə keçməsinə imkan verməməli, ondan yalnız texniki işlər üçün istifadə etməlidirlər. UNESCO da oxşar yanaşma nümayiş etdirir. 2025-ci il Ümumdünya Mətbuat Azadlığı Günü çərçivəsində təşkilolunan toplantıda çıxış edən UNESCO baş direktoru Audrey Azoulay AI-nin “informasiyaya çıxışı, onun toplanmasını və yoxlanılmasını yaxşılaşdırmaq” potensialını xüsusi qeyd edib. Bununla yanaşı, UNESCO direktoru AI-nin müəllif hüquqları, müstəqil jurnalistika və məzmunplüralizmi üçün yaratdığı riskləri də vurğulayıb ( https://www.unesco.org/en/articles/wpfd-2025-exploring-future-journalism-ai-driven-world ).

Beynəlxalq təşkilatların ümumi yanaşması belədir ki, “AI+insan nəzarəti” media üçün ən effektiv modeldir. AI nə qədər sürətli və məhsuldar olsa da, o, yaratdığı məzmunun həqiqətə uyğunluğuna təminat vermir. Bu mənada AI-nin media sektorunda istifadənin genişlənməsi eparalel olaraq yeni risklər yaradır. Növbəti məqaləmizdə generativ süni intellektin mediada yaratdığı neqativ təsirlərdən bəhs ediləcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

29 iyun 2026 | 19:52

Mehriban Əliyeva: Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir

Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Hörmətli həmkarlar.

Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiririk. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.

Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.

Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.

Bugünkü iclasda müşavirədən keçən son aylar ərzində aparılan işlər, əldə edilən nəticələr haqqında Rəşad Nəbiyev məruzə edəcək.

x x x

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verdi. Qeyd etdi ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu dedi.

Rəşad Nəbiyev Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verdi, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğuladı. "Mygov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirdi.

Rəqəmsal inkişaf və nəqliyyat naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, "mygov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini dedi. Rəşad Nəbiyev innovasiya ekosisteminin inkişafı məsələlərinə toxundu, texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanıldığını vurğuladı və kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir.

x x x

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Şahmar Mövsümov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqləndiyini xatırladan Şahmar Mövsümov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını dedi. Vurğuladı ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.

Şahmar Mövsümov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirdi ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.

Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını dedi, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd etdi.

x x x

Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu dedi.

Emin Əmrullayev, həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “STEAM Azərbaycan” layihələrini qeyd etdi, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğuladı.

İclas müzakirələrlə davam etdirildi.

18 iyun 2026 | 23:52

Bakı Bəyannaməsi: Süni intellekt texnologiyalarının tətbiqində insan ləyaqətinin qorunması əsas prioritetdir

Bakıda süni intellekt texnologiyalarının hazırlanması və tətbiqi zamanı insan hüquq və azadlıqlarının, eləcə də insan ləyaqətinin qorunmasının əsas prioritet olması bəyan olunub.

Yurd.Media xəbər verir ki, "Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yekununda Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Sənəddə üzv dövlətlərə insan hüquqlarına əsaslanan, təhlükəsiz, şəffaf və hesabatlı süni intellekt idarəetmə mexanizmlərinin inkişafı, məlumatların qorunması, alqoritmik qərəzliliyin qarşısının alınması və səmərəli hüquqi nəzarətin təmin edilməsi tövsiyə olunur.

Həmçinin süni intellekt sistemlərinin bütün mərhələlərində insan hüquqlarına təsirin qiymətləndirilməsi, qərarların qəbulunda insan nəzarətinin saxlanılması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi vacib hesab edilir.

Bəyannamədə alqoritmik ayrı-seçkiliyə qarşı müstəqil monitorinq və audit mexanizmlərinin inkişafı, həssas qrupların müdafiəsinin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması, dezinformasiya və nifrət nitqi ilə mübarizənin gücləndirilməsi də əksini tapıb.

Sənəddə, həmçinin ombudsman institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, özəl sektorun insan hüquqlarına hörmətlə yanaşmasının təmin edilməsi çağırışı da yer alır.

Xatırladaq ki, bu gün "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb.

14 iyun 2026 | 19:44

Göz cərrahiyəsində süni intellekt ön plana çıxır

Göz sağlamlığı sahəsində rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi sürətlə genişlənir.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər yeni nəsil görüntüləmə sistemləri və süni intellekt əsaslı həllərin diaqnostika və cərrahi planlaşdırma proseslərini daha dəqiq və effektiv etdiyini bildiriblər.

Sahə üzrə ekspertlərin sözlərinə görə, xüsusilə göz xəstəliklərinin erkən aşkarlanmasında süni intellekt mühüm rol oynayır. Müasir alqoritmlər böyük həcmdə tibbi görüntüləri qısa müddətdə təhlil edərək həkimlərə qərarvermə prosesində dəstək verir. Bu isə həm diaqnozun dəqiqliyini artırır, həm də müalicəyə daha erkən başlanmasına imkan yaradır. 

Bundan əlavə, rəqəmsal texnologiyalar göz əməliyyatlarının planlaşdırılması və icrasında da yeni imkanlar yaradır. Süni intellekt dəstəkli sistemlər cərrahlara əməliyyat öncəsi daha ətraflı analiz aparmağa və fərdi müalicə planları hazırlamağa kömək edir. 

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə süni intellekt və rəqəmsal həllərin inkişafı oftalmologiyada xidmət keyfiyyətinin yüksəlməsinə, xəstələrin daha sürətli və dəqiq tibbi yardım almasına töhfə verəcək.

10 iyun 2026 | 16:06

Sükan arxasındakı zəka: AI icraçıdır, strateq deyil

Bu gün marketinq dünyasında hamı eyni dalğadadır: süni intellekt. Şirkətlər, agentliklər, brendlər — hamı elə bir yarışa girib ki, sanki bu alətləri prosesə qatan kimi bütün problemlər həll olunacaq. Bir neçə saniyəyə şəkillər generasiya edən, saniyələr içində qəşəng mətnlər düzən proqramlar bəzilərində işini itirmək qorxusu yaradıb, bəzilərində isə bir az bəsit arxayınlıq: "Onsuz da hər şeyi botlar edirsə, mütəxəssisə nə gərək var?"

Əgər marketinqə sadəcə "şəkil paylaşıb altına iki sətir söz yazmaq" kimi baxılırsa, bəli, bu işi botlar da edər. Amma rəqəmsal dünyada böyük büdcələri, real strategiyaları və brend imicini idarə edənlər yaxşı anlayır ki, bu yanaşma böyük bir tələdir. Ortada çox fundamental bir reallıq var: Süni intellekt mükəmməl bir icraçıdır, amma ondan heç vaxt uzaqgörən bir strateq olmaz.

Sürət tələsi və eynitipli kontent ucuzluğu

Gəlin real olaq: bir rəqəmsal marketinq mütəxəssisi olaraq mən də iş prosesimdə süni intellekt alətlərindən aktiv istifadə edirəm. Günlərlə çəkən vizual axtarışları, beyin fırtınalarını dəqiqələrə sığışdırmaq böyük lüksdür. Amma bu sürətin gətirdiyi çox ciddi bir fəsad var: bazarda hər şey eyniləşməyə, bir-birinin kopyası olmağa başlayıb.

Süni intellekt gələcəyi görmür, o, sadəcə internetdəki köhnə datanı sintez edib ortaq bir şey çıxarır. Yəni keçmişi əla təkrarlayır, amma mövcud anın duyğusunu, canını və brendin xarakterini kontentə qata bilmir. Robotun yazdığı mətn və ya qurduğu vizual zahirən qüsursuz görünə bilər, amma istehlakçı onun içindəki o soyuq, mexaniki şablonu dərhal hiss edir. Biznesləri "ucuz kontent tələsinə" salan da elə budur. Hər kəs eyni alətlərlə eyni işləri çıxarır və nəticədə hər şey rəqəmsal səs-küyün içində itib gedir. Premium brend imici isə şablonlarla yox, fərqliliklə qurulur.

Alqoritmi idarə edən zəka: Prompt deyil, strategiya

Mən süni intellekti hər zaman cərrahın əlindəki bıçağa bənzədirəm. O bıçaq nə qədər iti, nə qədər mükəmməl olursa-olsun, təkbaşına heç bir əməliyyat edə bilməz. Onun hansı nöqtəyə, hansı bucaqla toxunacağına və ən əsası — o kəsiyin niyə ediləcəyinə yalnız təcrübəli bir cərrah qərar verir.

Marketinqdə də botlara sadəcə "mənə yaxşı bir şəkil ver" və ya "SMM postu yaz" deməklə biznes böyütmək, rəqabətdən qalib çıxmaq qeyri-mümkündür. Uğurun sirri insanın o alətə verdiyi istiqamətdə, yəni strateji zəkadadır. Hədəf kütlənin psixologiyasını oxumaq, yerli bazarın mental və sosioloji özəlliklərini hesablamaq, insanların gizli ehtiyaclarını tapmaq alqoritmlərin yox, empati qura bilən insan beyninin məhsuludur.

Biz süni intellektə sadəcə prosesi sürətləndirən bir alət kimi baxmalıyıq. Məsələn, müəyyən bir auditoriya üçün premium bir SMM vizualının konseptini qurarkən və ya bir xəbər portalının Google Discover trayektoriyasını analiz edib texniki SEO strategiyası hazırlayarkən, süni intellekt bizim sadəcə sürət qatarımızdır. Amma sükanda hər zaman bizim uzunillik təcrübəmiz, analiz qabiliyyətimiz və strateji düşüncəmiz oturmalıdır. Alqoritm idarə etmir, alqoritm idarə olunur.

Nəticə: Sükanda kim əyləşib?

Rəqəmsal marketinqin gələcəyi texnologiyadan qorxub qaçanların da deyil, ona kor-koranə təslim olub özünü robotun ixtiyarına buraxanların da deyil. Gələcək — texnologiyanın verdiyi sürətlə özünün strateji vizyonunu və idarəçilik qabiliyyətini birləşdirə bilən peşəkarlarındır.

Biznes rəhbərlərinə və tərəfdaşlarıma tövsiyəm odur ki, büdcələrini və zamanlarını sadəcə trend alətlərin çoxluğuna yox, o alətləri düzgün istiqamətləndirən, brendə bazarda ciddi, sanballı və dayanıqlı bir imic qazandıran peşəkar insan resursuna yatırsınlar. Çünki ən mürəkkəb alqoritmin belə arxasında, hələ də o alqoritmdən bir addım öndə düşünməli olan insan faktoru dayanır. Və bu reallıq heç vaxt dəyişməyəcək.

Vətən Aslanov - Rəqəmsal Marketinq Mütəxəssisi

03 aprel 2026 | 20:17

Azərbaycanda süni intellektlə terror həyata keçirənlərə AĞIR CƏZALAR

Azərbaycanda süni intellekt vasitəsilə terror həyata keçirənlər ağır cəzalar tətbiq olunacaq.

Yurd.Media "Oxu.az"a istinadən xəbər verir ki, Azərbaycanın iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına dair obyektlərin siyahısı genişlənir.

Sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlərlərinə görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalaları müəyyənləşir.

Həmçinin eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur.

Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir.

Həmçinin burada da təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

17 mart 2026 | 13:43

Süni intellektlə qanunsuz video hazırlayıb yaymağa görə 3-7 min manat CƏRİMƏ

Süni intellektlə qanunsuz video hazırlayıb yaymağa görə 3-7 min manat cərimələr tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosesual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyi halda internet nümayiş informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokurorun təşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:

törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;

cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;

cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;

cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.