Nəinki orta məktəb şagirdlərinə, cəmiyyətin bütün təbəqələrinə Süni İntellekt barədə geniş izahatlar aparılmalıdır.
Bunu Yurd.Media-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, cəmiyyət yeni Süni İntellekt mərhələsinə daxil olur:
"Düzdür, Süni İntellekt təbii intellekti heç vaxt qabaqlaya bilməyəcək. Lakin o təbii intellektin topladığı informasiyaların qavranılmasında müstəsna rol oynayır".
Deputatın fikrinə görə ondan qorxmaq yox, ona doğru getmək lazımdır:
"Cavanlarla yanaşı yaşlı nəsil da rəqəmsal texnologiyanı dərk etməlidir. Xarici ölkələrin təcrübəsindən də öyrənmək lazımdır. Təbliğat bu yöndə aparılmalıdır. İnanıram ki, Azərbaycanda yaradılan Süni İntellekt akademiyasında yüksək ixtisaslı mütəxəssislər hazırlanacaq".