İctimai yerlərdə və xidmət müəssisələrində təqdim olunan pulsuz Wi-Fi şəbəkələrindən istifadə gündəlik həyatın adi hissəsinə çevrilib. Kafe və restoranlardan tutmuş hotellərə, ticarət mərkəzlərinə və digər ictimai məkanlara qədər bir çox yerdə vətəndaşlara simsiz internetə çıxış imkanı yaradılır.
İctimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrinin istifadəsi vətəndaşlar üçün internetə rahat çıxış imkanı yaratsa da, kibercinayətkarlıq hallarının artdığı bir dövrdə bu şəbəkələrin təhlükəsizliyi də gündəmə gəlir.
Açıq Wi-Fi şəbəkələri istifadəçilərin şəxsi məlumatları üçün hansı riskləri yaradır və bu risklərdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?
“IT Station” MMC-nin direktoru, kibertəhlükəsizlik mütəxəssisi Bünyad Həbibov Yurd.Media-ya bildirib ki, Wi-Fi şəbəkəsinin parolla qorunması onun tam təhlükəsiz olduğu demək deyil. Dələduzlar bəzən rəsmi şəbəkələrə bənzər adlarla saxta şəbəkələr yaradırlar.
Onun sözlərinə görə müasir dövrdə kiberhücum üsulları inkişaf edib və açıq Wi-Fi şəbəkələri vasitəsilə şəxsi məlumatların, sosial şəbəkə hesablarının və digər məxfi informasiyaların ələ keçirilməsi riski var. Bu təhlükə həm iOS, Android, həm də Windows sistemli cihazlar üçün keçərlidir:
“Yaxşı olar ki, insanlar ictimai Wi-Fi şəbəkəsinə qoşulmazdan əvvəl onun adını həmin məkanın əməkdaşlarından dəqiqləşdirsinlər, cihazlarında avtomatik qoşulma funksiyasını söndürsünlər və mümkün qədər mobil internetdən istifadə etsinlər. Xüsusilə internet bankçılığı və pul köçürmələri zamanı açıq Wi-Fi şəbəkələrindən istifadə etmək məsləhət deyil”.
Mütəxəssis qeyd edir ki, açıq Wİ-Fİ şəbəkələrinə qoşularkən diqqətli olmaq və şəxsi məlumatları qorumaq hər bir istifadəçinin öz məsuliyyətidir:
“Telefon və kompüterlərin əməliyyat sistemlərini daim yeniləmək, güclü və fərqli parollardan istifadə etmək, iki mərhələli təsdiqi aktivləşdirmək vacibdir. Etibarlı VPN-dən istifadə də əlavə qorunma yarada bilər. İctimai şəbəkələrdə şübhəli keçidlərə daxil olmaqdan və tanımadığınız faylları yükləməkdən çəkinmək lazımdır.”
Bünyad Həbibov