“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin (“Öndə Gənclər” İctimai Birliyinin) barəsində inzibati protokol yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən gənclərin fərdi və peşəkar inkişafını dəstəkləyən, onları iş dünyasına və əmək bazarına hazırlayan QHT-də yoxlama aparılıb.
İş materiallarına əlavə edilmiş Maliyyə Nazirliyinin xəbərdarlığından görünür ki, Nazirlər Kabinetinin 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 5.1-ci bəndinə əsasən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq protokolu tərtib edən orqan elektron qaydada təqdim edilməlidir.
İş materiallarına əlavə edilmiş 2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyin adı “Öndə Gənclər” İctimai Birliyinə dəyişdirilib.
Müəyyən edilib ki, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (“Öndə Gənclər” İctimai Birliyi) 2025-ci il üzrə maliyyə hesabatlarını təqdim etməyib.
Bununla bağlı Maliyyə Nazirliyi tərəfindən “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinə (“Öndə Gənclər” İctimai Birliyinə) İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tənbeh edilə biləcəyi xəbərdarlıq ediblər.
Daha sonra İctimai Birlik barəsində eyni maddə ilə protokol tərtib edilib və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi 1500 manat məbləğində cərimə edilib.