Hazırda dünyada ikiyaqlı robotlar laboratoriyalardan çıxır və insanların yanında yer tutmağa hazırlaşırlar. Onlar artıq sərgilərdə göstərilən əyləncəli prototiplər kimi görünmürlər - bunlar pilləkənlərdə inamla addımlayan, nahamar yollarda müvazinətini saxlayan və təkərli texnikanın aciz qaldığı yerlərdə tapşırıqları yerinə yetirə bilən mürəkkəb maşınlardır.
Yurd.Media ikiayaqlı robotların niyə ən yaxşı hesab edildiyi barədə araşdırmanı təqdim edir.
Məntiq sadədir: təkamül artıq göstərib ki, iki ayaq üzərində yeriş yer üzərində hərəkətin ən qənaətli üsuludur. İnsan gəzərkən minimum enerji sərf edir və Agility Robotics-in CASSIE kimi müasir robotları tədricən bu göstəriciyə yaxınlaşırlar.
Müqayisə üçün, altıayaqlı maşınlar on dəfələrlə daha çox enerji sərf edirlər ki, bu da onları "elektrik enerjisinin bahalı gurmanlarına" çevirir.
Lakin məsələ təkcə batareyalarda deyil. Robotun hərəkətverici mexanizmlərinin sayı nə qədər çoxdursa, onun sınma ehtimalı da bir o qədər yüksəkdir. İkiayaqlı robotun təxminən on iki hərəkətvericisi var və sistemin etibarlılığı 78% təşkil edir, altıayaqlıda isə bu göstərici artıq 70%-dən aşağıdır. Əgər istehsalı yüz minlərlə vahidə qədər genişləndirilərsə, fərq təmir və servis xərclərində milyardlarla dollar qənaət deməkdir. Yəni, burada "yürüyən insanabənzər maşınların" romantikası deyil, soyuq riyaziyyat qalib gəlir.
Məsələnin hesablama tərəfi də var. Ətraf nə qədər çoxdursa, robotun idarə edilməsi bir o qədər mürəkkəbdir. Altıayaqlı alqoritmlər bir neçə dəfə daha çox əməliyyat tələb edir, bu da ya reaksiya sürətindən imtina etmək, ya da bahalı elektronika quraşdırmaq deməkdir. İkiayaqlı sistemlər daha sadədir, daha asan optimallaşdırılır və mühəndislərə yeni versiyaları daha tez buraxmağa imkan verir. Məhz buna görə Tesla və Agility Robotics kimi şirkətlər bipedal modellərə üstünlük verirlər.
İnfrastrukturu da unutmaq olmaz. Şəhərlər insanlar üçün qurulub: standart pilləkənlər, qapı keçidləri və dar dəhlizlər məhz 15-20 sm addım və 80 sm çiyin enliyi üçün nəzərdə tutulub. İkiayaqlı robot belə şəraitdə özünü demək olar ki, evdə kimi hiss edir və səmərəliliyin 90%-ni qoruyub saxlayır. Çoxdayaqlı platformalar isə 3-4 dəfə daha çox enerji sərf etməyə məcburdurlar və keçidlərdə, sanki yanı üstə daşınan mebel kimi ilişib qalırlar.
Nəticə: ikiyaqlı robotlar təkcə daha tanış görünmürlər, onlar obyektiv olaraq daha qənaətcil, daha etibarlı və insan dünyasına daha yaxşı uyğunlaşırlar. Onların işlənib hazırlanması daha ucuz başa gəlir, kütləvi istehsalı isə qiyməti əlçatan məişət texnikası səviyyəsinə endirməyi vəd edir. Buna görə də sual artıq onların küçələrdə və zavodlarda peyda olub-olmayacağı deyil, bunun nə qədər tez baş verəcəyi barədədir.