SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Onlar da doğma yurda qovuşdular

Onlar da doğma yurda qovuşdular

  • 17 mart 2026, 16:03
Cəbrayıl

Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə olmaqla daha 131 nəfər qayıdıb.

Yurd.Media xəbər verir ki, növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Horovlu kəndinə köçənlər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa olunub. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin edilib. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Bugün həmçinin Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yola salınan növbəti köç karvanları rayon mərkəzinə çatıb.

Kəndlərə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Açarların təqdim edilməsi mərasimində Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Çıldırana 3 (13 nəfər), Aşağı Oratağa 21 (108 nəfər), Heyvalıya 7 (34 nəfər), Çapara 4 (17 nəfər), Həsənrizə isə 6 ailənin (29 nəfər) qayıdışı təmin olunub.

     

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları