SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
MÜSİAD Azərbaycandan İsmayıllıda şəhid ailələri, qazilər və Axısqa türkləri üçün iftar süfrəsi - FOTO

MÜSİAD Azərbaycandan İsmayıllıda şəhid ailələri, qazilər və Axısqa türkləri üçün iftar süfrəsi - FOTO

  • 17 mart 2026, 17:49
İsmayıllı

MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə İsmayıllı rayonunda şəhid ailələri, qazilər və rayonda yaşayan Axısqa türkləri üçün iftar süfrəsi təşkil olunub.

Proqramda Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün,MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və MÜSİAD Azərbaycan üzvləri iştirak edib.

İftar proqramından əvvəl MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər Şamaxı rayonunda yerləşən Şamaxı Türk Şəhidliyini, Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən Ərəbşalbaş Türk Şəhidliyini, İsmayıllı rayon Şəhidlər Xiyabanını və rayonda yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

İftar proqramında çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün iki ölkə arasındakı möhkəm qardaşlıq münasibətlərinə diqqət çəkib. O, Türkiyə və Azərbaycanın çətin zamanlarda bir-birinə dəstək verərək əmin-amanlıq içində yaşadığını vurğulayıb.

6 fevral tarixində Kahramanmaraşda baş vermiş zəlzələnin qardaşlıq əlaqələrinin daha da aydın və şəffaf görünməsinə səbəb olduğunu qeyd edən Birol Akgün çıxışında bildirib:

"Biz eyni millətin iki övladıyıq. Dilimiz bir, dinimiz bir, bayraqlarımız bir, ayparalarımız bir."

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov proqram iştirakçılarını salamlayaraq iftar süfrəsinin təşkilinə görə MÜSİAD Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. O, şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb və qazilərin qəhrəmanlığının xalqın yaddaşında əbədi yaşayacağını qeyd edib.

Mahmud Süleymanov MÜSİAD Azərbaycan İctimai Birliyinin sosial məsuliyyətin gücləndirilməsi və iqtisadi əməkdaşlıqların inkişafında mühüm rol oynadığını bildirərək dərnəyin fəaliyyətini yüksək qiymətləndirib. O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərini xüsusi vurğulayaraq qeyd edib:

"Türkiyə və Azərbaycan sadəcə dost ölkə deyil, eyni tarixə, eyni talehə, eyni qəlblərə sahib olan iki qardaş dövlətlərdir."

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan Müqəddəs Ramazan ayı münasibətilə iftar proqramında iştirak edən qonaqlara səmimi arzularını çatdırıb. O, tutulan orucların və edilən ibadətlərin Uca Allah dərgahında qəbul olunmasını diləyib.

Çıxışında Fuat Kayhan MÜSİAD Azərbaycanın əsas fəaliyyət istiqamətləri, eləcə də Ramazan ayı çərçivəsində həyata keçirilən sosial və humanitar təşəbbüslər barədə məlumat verib. O, Türkiyə və Azərbaycan arasında qədim dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu vurğulayaraq bu əlaqələrin ortaq tarixi, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr əsasında inkişaf etdiyini qeyd edib.

Sədr həmçinin şəhid ailələri və qazilərin cəmiyyətdə xüsusi hörmətə layiq olduqlarını, onların daim dövlətin və cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunmasının vacibliyini diqqətə çatdırıb.

İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının mənəvi dəyərləri və fəzilətləri haqqında söhbətlər aparılıb.

Proqramdan sonra rəsmi qonaqların iştirakı ilə rayonda yaşayan Axısqa türkləri ilə görüş keçirilib və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MÜSİAD Azərbaycan tərəfindən hər il Ramazan ayında regionlarda ənənəvi iftar proqramları təşkil olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları