Süni İntellekt aktual sahə kimi dünyamızın ən sürətli inkişaf edən istiqamətlərindən biridir. Qarşıda duran ən böyük məsələlərdən biri bununla bağlı qanunvericilik bazasının yaradılması və inkişaf etdirilməsidir.
Bunu Yurd.Media-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Akademiya, xüsusilə, rəqəmsal inkişaf proseslərinin izlənməsinə fayda verəcək.
Ceyhun Məmmədov qeyd edib ki, qanunverici baza ilə yanaşı digər vacib məsələ etik normaların işlənməsidir:
"Ümumiyyətlə, prosesin tənzimlənməsi, həyata keçirilməsi çox önəmlidir. Bu sahədə hələ nə etik normalar müəyyən olunub nə də qanunvericilik yaradılıb. Bu səbəbdən qanunda etik tərəflər də əksini tapmalıdır".
Deputatın sözlərinə görə, tədris müəssisənin yaradılmasında önəmli tərəf onun dövlət layihəsi olmasındadır:
"Plan dövlət tərəfindən təsdiqlənib və maliyyələşdirilib. Bu mənada aidiyyəti strukturların, həmçinin akademiyanın üzərinə böyük məsuliyyət düşür. Bu eyni zamanda milli təhlükəsizlik məsələsidir. Mütləq şəkildə milli kadrlar, mütəxəssislər yetişdirməliyik. Bütün məsələlərə dövlətçilik baxımdan həssas yanaşılmalıdır və inanıram ki, belə də olacaq”.