Bakı Metropoliteni
Bakı metrosu — Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi, Türk ölkələri arasında qurulan ilk metropoliten.[4]
Metropoliten ümumi uzunluğu təxminən 40 km olan 3 xəttdən, 27 işləyən və dörd tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 11-nin vestibülü vardır. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4,000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17.1 kilometrdən artıqdır. Bakı metrosunun nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çox saylı əyrilər mövcuddur. "Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud — Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt — Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 50 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.[5]
Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerdədir.[6]
Tarixi
XX əsrin 30-cu illərinin əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.
Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12.1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500–700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metrosunun istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metrosunun 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən Stepan Şaumyan stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metronun daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Birinci sahədən sonra 2.3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6.4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.
28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.
2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır. 2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçilmişdir. 2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.
2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir.[7] 2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilmişdir.[8] 2011-ci il dekabrın 30-da "Məşədi Əzizbəyov" stansiyası yenidənqurmadan sonra "Koroğlu" adı ilə istifadəyə verilmişdir. 2015-ci il dekabrın 28-də Elmlər Akademiyası stansiyasının 2 çıxışı istifadəyə verilmişdir. 2016-cı il aprelin 19-da 3-cü Bənövşəyi xətt və onun tərkibində olan Avtovağzal və Memar Əcəmi stansiyaları istifadəyə verilmişdir.[9] 2019-cu ilin aprelində Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb. Metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.[10] 2021-ci il mayın 29-da 8 Noyabr stansiyası istifadəyə verilmişdir. 2022-ci il dekabrın 23-də Xocəsən stansiyası və Xocəsən elektrik deposu istifadəyə verilmişdir.
Bakı Metropolitenin inkişafı
Rəhbərlər
Lütfəli Nuriyev (1966–1976)
Fikrət Kəngərli (1976–1979)
İqor Xankişiyev (1979–1987)
Vahid Nadirli (1987–1993)
Cəfər Yusifov (1993–1998)
Tağı Əhmədov (1998–2014)
Zaur Hüseynov (2014–2024)
Vüsal Aslanov (2024-)