Bakının Binəqədi rayonunda aparılan işlər paytaxt sakinlərinin diqqətini cəlb edib. İlk baxışdan yeni tramvay xəttinin çəkildiyi təəssüratı yaradan dəmir relslərin əsl təyinatı isə fərqlidir.
Yurd.Media xəbər verir ki, söhbət "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" stansiyasının ətrafında aparılan işlərdən gedir. Ərazidə quraşdırılan rels xətləri vizual olaraq tramvay infrastrukturunu xatırlatsa da, onların şəhərdaxili sərnişin daşımaları ilə heç bir əlaqəsi yoxdur.
Məlumata görə, çəkilən relslər hazırda inşası davam edən "Dərnəgül" metro deposunu "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni istifadəyə verilmiş "Dərnəgül" dəmir yolu stansiyası ilə birləşdirmək məqsədi daşıyır.
Bu bağlantı vasitəsilə metro vaqonlarının və digər texniki avadanlıqların dəmir yolu şəbəkəsi üzərindən depoya çatdırılması, eləcə də gələcəkdə texniki-logistik əməliyyatların daha operativ həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, son illər Bakıda tramvayın bərpası ilə bağlı müxtəlif təkliflər və müzakirələr aparıldığından, ərazidə relslərin çəkilməsi sosial şəbəkələrdə "Bakıya tramvay qayıdır?" sualını gündəmə gətirib. Lakin hazırda "Dərnəgül" ərazisində aparılan işlər tramvay layihəsi deyil, metro infrastrukturunun inkişafı çərçivəsində həyata keçirilən texniki layihənin tərkib hissəsidir.