Bakı Metropolitenində yaşıl xətt üzrə “Nizami” və “28 May” stansiyaları arasında hərəkətin müvəqqəti dayandırılması ilə əlaqədar fəaliyyətə başlayan M1 və M6 ekspres avtobuslarının “Elmlər Akademiyası” metrostansiyasının qarşısındakı dayanacaqda yaratdığı sıxlıq digər marşrut avtobuslarının dayanacağa daxil olmasına mane olur.
Yurd.Media-nın apardığı müşahidəyə görə, M1 və M6 ekspres avtobusları Hüseyn Cavid prospektindəki (metronun qarşısındakı) dayanacaqda, üzü Elmlər Akademiyası parkına tərəf bir-birinin ardınca düzülür. Nəticədə müntəzəm marşrut xətti üzrə hərəkətdə olan digər avtobuslar dayanacağa tam daxil ola bilmədiyindən əksər hallarda sərnişinləri yolun hərəkət hissəsində, ikinci zolaqda mindirib-düşürməyə məcbur qalırlar.

Nəticədə, sərnişinlər üçün nəzərdə tutulan dayanacaqdan istifadə imkanının məhdudlaşması onlar üçün təhlükəli vəziyyət yaradır.
Məsələnin həlli üçün ekspres və müntəzəm marşrut avtobuslarının dayanacaqda yerləşmə qaydasının yenidən təşkil olunmasına ehtiyac görünür.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən etibarən metronun “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə M1, M2, M3, M4, M5 və M6 ekspres avtobusları fəaliyyət göstərir.