Həmin vəsaitlə bir neçə yeni metro xətti çəkmək mümkündür.
Yurd.Media xəbər verir ki, bunu Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hüquqşünas Sahib Məmmədov Bakı Metropoliteninin dövlət proqramının bir hissəsi olaraq, “Nizami” stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlamasına münasibət bildirərkən deyib.
"Stansiya Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək. Bu xəbər məni dəhşətə gətirir. “28 May-Nizamı” xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonasıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən...”
hüquqşünas Sahib MəmmədovS.Məmmədov vurğulayıb ki, 10 il qazmaçı işləyib və bu iş prosesinə yaxşı bələddir:
“Əlbəttə ki, tikmək olar, ancaq milyonlar hesabına. Halbuki həmin vəsaitlə bir neçə yeni metro xətti çəkmək mümkündür. “Təhlükəli” deyəndə həm də onu nəzərdə tuturam ki, yeraltı suların hərəkət istiqamətinin və dinamikasının dəyişməsi uzunmüddətli planda Bakı şəhərində binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirəcək. Çünki su özünə yol tapacaq.
Həmin ərazilərdən təxminən 144 yeraltı axın var. "Elmlər Akademiyası" xətti tikiləndə səhv etmirəmsə, 144 yerdən betonlama və tampanaj işləri aparılmışdı. Bir növ bəndlər vurulmuşdu. Tikinti planlaşdırlan ərazidən bir az yuxarıda suyun özü-özünə toplandığı 13 000 kub həcmində tutumu olan su qaleriyası var. Şirin sudur. Həcmi saxlamaq üçün hər sutkada 3000 kub suyu kanalizasiya sisteminə ötürürlər”.
Mövzu ilə bağlı Yurd.Media-nın sorğusuna cavab olaraq “Bakı metropoliteni” QSC-dən bildirilib ki, layihə hazırlanarkən Bakının mürəkkəb hidrogeoloji şəraiti nəzərə alınıb, mümkün risklər qiymətləndirilib:
“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək. Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır. Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.
Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı bu keçidlə “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.

Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib. Bu xüsusda “Nizami-28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.
Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib.
“B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”.