“ABC Telecom” müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) pul tələbi iddiası ilə Qax Rayon Məhkəməsində iddia qaldırıb.
İddia tələbinə görə, MMC cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü il müqaviləyə əsasən “iPhone 15 PRO MAX” telefonu üçün 766 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 24 manat rüsum və 77 manat cərimə borcu olmaqla, ümumilikdə 866 manat borc, 30 manat ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Belə ki, 2024-cü ildə müştərisi 3541 manata aldığı “iPhone 15 PRO MAX” üçün cəmi ödədiyi məbləğ 2775 manat təşkil edib.
Məhkəmə iddia tələbini qismən təmin edib və cərimə məbləğini 77 manatdan 10 manata endirib.
“ABC Telecom” MMC daha bir müştərisinə qarşı da iddia qaldırıb və müştərisi Yusifov Elmandan 2 ədəd “Lenovo LOQ” nootbuku üçün 5.499 manat ödənilməmiş hissə, 550 manat dəbbə pulu, ümumilikdə 6.049 manat borc, 80 manat ödənilmiş dövlət rüsumunun tutulmasını istəyib.
Məhkəmə bu iddia tələbini qismən təmin edib, nootbuk üçün hesablanmış dəbbə pulu 200 manata endirilib.
Qeyd edək ki, “ABC Telecom”un bundan əvvəl Bakının Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən Ağdam, Şəmkir, İsmayıllı, Quba, Ağdaş rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.