İqtisadi İslahatların Təhlili
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (rəsmi adı: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs) — Azərbaycan Respublikasındakı publik hüquqi şəxslərdən biri. Mərkəz Bakı şəhərində yerləşir. İcraçı Direktoru Vüsal Qasımlıdır.[1]
Tarixi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb[2].
Məqsədi
1. Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsinə və
sahibkarlığın inkişafına töhfə vermək;
2. Strategiya, dövlət proqramları, tədbirlər planları, yol xəritələri və digər dövlət
əhəmiyyətli tapşırıqların icrasının monitorinq və qiymətləndirməsini həyata keçirmək və
bu prosesi daha da təkmilləşdirmək;
3. Makro və mikro iqtisadi səviyyələrdə təhlil və tədqiqatlar aparmaq, müvafiq
proqnozlar hazırlamaq;
4. Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracın artmasına töhfə vermək;
5. İqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin
təbliğini və kommunikasiyasını təşkil etmək.[3]
İstiqamətləri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç əsas funksional istiqaməti əhatə edir:
İqtisadi təhlil;
Monitorinq və qiymətləndirmə;
İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.
Missiyası
1. Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin
səmərəli əlaqələndirilməsini;
2. Mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və
innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini;
3. Mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli
istifadəni, həmçinin bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini təmin
etmək.[4]
İdarə olunması
Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur.
Müşahidə Şurası
20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmana əsasən Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
Prezident İlham Əliyevin tapşırıqları əsasında İİTKM 12 strateji yol xəritəsi, habelə ərzaq təhlükəsizliyi, məşğulluq, rəqəmsal ödənişlər və s. sahələrdə strategiyalar, dövlət proqramları və tədbirlər planlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu əsasda İİTKM-də dövlət sənədlərinin icracı barədə “böyük verilənlər bazası” – “Big Data” yaranır. Öz növbəsində “Big Data”nın emalı əsasında yeni islahatlar barədə təklifləri formalaşdırmaq mümkündür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2016-cı ildə cənab Prezidentin tapşırığı əsasında strateji yol xəritələri hazırlananda İİTKM-in platformasında dövlət, özəl, akademiya, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətini təmsil edən 400 nəfər ekspert cəmlənmişdi. Beləliklə, monitorinq və islahat arasında qarşılıqlı təsir mübadiləsi idarəetməni yeni mərhələyə qaldırır: data əsaslı qərar qəbuletmə mexanizmi işləyir. İİTKM-in təqdim etdiyi Azranking.az və Monitoring.az platformaları funksional əlaqələndirilməklə islahatlar və monitorinqin iş axınlarını rəqəmsal olaraq bir-birinə bağlayır: yeni islahat yeni monitorinqdi və yeni monitorinq yeni islahat deməkdir. Faktiki olaraq İİTKM-də islahatların “həyat tsikli”nə aid olan bütün mərhələlər tam rəqəmsallaşdırılmışdı. Bu isə prosesin səmərəliliyini, şəffaflığını, inklüzivliyini və hesabatlılığını təmin edir. Hazırda İİTKM-in balansında olan 40-a yaxın internet resursu güclü kommunikasiya vasitəsi olmaqla islahatların işıqlandırılmasına yardımçı olur. Digər tərəfdən isə İİTKM-in yerli və beynəlxalq miqyasda təşkil etdiyi və qoşulduğu tədbirlərdə islahatların kommunikasiyası uğurla həyata keçirilir. İslahatların kommunikasiyasında iki vacib hədəf var:
Mesajları əhali, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə düzgün çatdırmaq;
Əks-əlaqə qurmaqla islahatların icrası zamanı yaranan fikir və rəyləri yenidən “islahat gündəliyi”nin formalaşmasında istifadə etmək.
Beləliklə, İİTKM-də idarəetmə sacayağı yaranıb: İslahat-Monitorinq-Kommunikasiya. Bu sacayağın funksionallığını artırmaq üçün İİTKM-in təqdim etdiyi institutlar vacib rol oynayır: Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azranking.az, Monitoring.az,Enterpriseazerbaijan.com və Azerp.az.
Müşahidə Şurasının sədri:
Azərbaycan Respublikasının Baş naziri
Müşahidə Şurasının üzvləri:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
İcraçı direktor
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru iqtisad elmləri
doktoru, professor Vüsal Qasımlıdır.
Fəaliyyət istiqamətləri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri
aşağıdakılardır.
1. Monitorinq və qiymətləndirmə;
2. İqtisadi təhlil və strateji planlaşdırma;
3. İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.
1. Monitorinq və qiymətləndirmə
Monitorinq və qiymətləndirmə (MQ) İİTKM-in əsas fəaliyyət istiqamətlərindən biridir və Mərkəz bu sahə üzrə ixtisaslaşıb. Qurum yarandığı gündən bu günə kimi islahat və koordinasiya tədbirləri ilə yanaşı, öz səlahiyyətləri çərçivəsində dövlət başçısının tapşırığı, eləcə də ayrı-ayrı dövlət qurumlarının sifarişləri əsasında strategiyalar, dövlət proqramları, yol xəritələri və digər tədbirlər planlarının icra vəziyyətlərinin monitorinq və qiymətləndirilməsini həyata keçirir. Mərkəz bu vəzifəni beynəlxalq təşkilatların tövsiyələrindən, habelə innovativ həllərdən, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT strukturları və digər beynəlxalq təşkilatların monitorinq və qiymətləndirmə sahəsində uğurlu təcrübələrindən faydalanmaqla icra edir. İİTKM dövlət idarəetməsinin rəqəmsallaşdırılmasına elektron monitorinq portalı (monitoring.gov.az) ilə töhfə verir, monitorinq və qiymətləndirmə prosesində ən son innovativ və rəqəmsal həlləri tətbiq edir.
2. İqtisadi təhlil və strateji planlaşdırma
İİTKM-in əsas fəaliyyət istiqamətlərindən biri müvafiq analitik məlumatlar əsasında davamlı və genişmiqyaslı araşdırmalar aparmaq və bu araşdırmalar əsasında aidiyyəti dövlət qurumlarına təhlil, proqnoz və təkliflər verməkdir. Bu funksiyanı yerinə yetirmək üçün Mərkəzdə Strateji planlaşdırma və İqtisadi təhlil şöbələri fəaliyyət göstərir. Əsas təhlil obyekti kimi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasət tədbirləri və onların təsirləri çıxış edir. Mərkəzin müvafiq struktur bölmələri tərəfindən Azərbaycan dövlətinin əldə etdiyi iqtisadi uğurlar, bu uğurlara aparan dinamika təhlil edilir, strateji hədəflərə çatmağın yolları planlaşdırılır, bu istiqamətdə cəmiyyətin məlumatlandırılması - əldə edilən nailiyyətlərin təbliği həyata keçirilir. Bu məqsədlə media kanallarında və müvafiq elmi-publisistik platformalarda çıxışlar edilir, məqalələr yayımlanır. O cümlədən, müvafiq elm və tədris müəssisələri ilə birgə əməkdaşlıq şəraitində aktual istiqamətlərdə dərsliklər və dərs vəsaitləri hazırlanır, konfranslar təşkil edilir.