TEI Forum 2026 kimi beynəlxalq tədbirlərin təşkili biznes əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və innovativ həllərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində Yurd.Media-ya açıqlamasında BMG International şirkətinin təsisçisi və Baş icraçı direktoru (CEO) Orxan Məmmədzadə deyib.
O qeyd edib ki, BMG International forumun təsisçilərindən və təşkilatçılarından biri kimi çıxış edib. Şirkət tədbir çərçivəsində təşkil olunan panellərdən birində həm moderator, həm də spiker qismində iştirak edib:
"Forumun strateji tərəfdaşı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir (İİTKM). Forumda 30-dan çox ölkənin nümayəndəsi iştirak edir. Tədbir çərçivəsində çoxsaylı B2B görüşlər, beynəlxalq şəbəkələşmə imkanları, startap layihələrinin tanıdılması və onların investisiya cəlb etməsi məsələləri müzakirə olunur".
O.Məmmədzadə forumun əhəmiyyətinə də diqqət çəkib:
“Forumun beynəlxalq səviyyədə təşkili investorların startaplara marağının artmasına, həmçinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yeni ticarət və iqtisadi əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək. Forumda Qazaxıstan, Özbəkistan, Malta və digər ölkələrdən biznes nümayəndələri iştirak edir. Bu forum gələcək tərəfdaşlıqların və iqtisadi əməkdaşlıq təşəbbüslərinin inkişafı üçün möhkəm zəmin yaradacaq”.