“AzTea” və “Astaraçay” çay markalarının istehsalçısı olan “Green Plant” şirkətinə yeni baş icraçı direktor (CEO) təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Emin Quliyev təyin olunub.
O, bu təyinatadək şirkətin baş icraçı direktorunun müavini vəzifəsində çalışıb.
Emin Quliyev 2024-cü ilin mayından 2025-ci ilin iyun ayınadək “Gazelli Group” şirkətində direktor vəzifəsində çalışıb. Həmin dövrdə, 2024-cü ilin may-avqust aylarında şirkətin baş kommersiya direktoru (CCO) vəzifəsini də tutub.
Emin Quliyev 2013-cü ilin martından 2024-cü ilin avqust ayınadək “HP” şirkətində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, burada Azərbaycan üzrə kommersiya tərəfdaşları ilə iş üzrə biznes meneceri, inkişaf etməkdə olan ölkələr üzrə kommersiya tərəfdaşları ilə iş üzrə biznes meneceri, idarə olunan çap xidmətləri üzrə rəhbər, distribusiya biznesinin idarə edilməsi üzrə menecer və pərakəndə satış tərəfdaşları ilə iş üzrə menecer vəzifələrində çalışıb.
Bundan başqa, Emin Quliyev 2019-cu ilin fevralından 2022-ci ilin avqustunadək Polşada fəaliyyət göstərən “AHEC Poland Sp. z o.o.” şirkətində idarəedici tərəfdaş olub.
O, 2011-ci ilin noyabrından 2013-cü ilin martınadək “AtaHolding”də beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi və şöbə rəhbərinin səlahiyyətlərini icra edən şəxs kimi fəaliyyət göstərib.
Emin Quliyev həmçinin “Excelsior Hotel Baku”da marketinq və satış rəhbəri, “Bakı Sığorta”da biznesin inkişafı üzrə mütəxəssis və “Azercell”də istehlakçı seqmentləri və məhsul idarəetməsi üzrə təcrübəçi vəzifələrində çalışıb.
Qeyd edək ki, “Green Plant” MMC 2012-ci ildə təsis edilib. Şirkət çay istehsalında istifadə olunan xammalı Azərbaycanın subtropik zonaları olan Astara və Lənkəran rayonlarındakı çay plantasiyalarından əldə edir. Bu plantasiyalar hələ 1932-ci ildə, Sovet dövründə salınıb. Şirkətin ümumi plantasiya sahəsi 450 hektar təşkil edir. Ən son texnologiyalarla təchiz olunmuş çay emalı və qablaşdırma fabrikimiz 2015-ci ildən fəaliyyət göstərir. Müəssisə gündə 10 ton təzə çay yarpağı emal etmək gücünə malikdir.
Emin Quliyev