Azərbaycanda ekoloji təmizlənmə, təkrar emal və yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən “BAFT and Partners İnnovative Green Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən “BAFT and Partners İnnovative Green Technology” MMC-nin ünvanına Rusiyada yerləşən şirkəti tərəfindən göndərilən yüklər 2026-cı ildə barkodla qeydiyyata alınıb.
Lakin yüklərə dair gömrük bəyannaməsi gecikdirilməklə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində araşdırma aparılıb.
Belə ki, Azərbaycan Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir.
“BAFT and Partners İnnovative Green Technology” MMC-nin ünvanına gələn yüklərə dair gömrük bəyannaməsi isə qanunla müəyyən edilən müddət ərzində təqdim edilməyib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC 300 manat cərimə edilib.
Qeyd edək ki, “BAFT and Partners İnnovative Green Technology” şirkəti 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 7,8 milyon manatdır. İnnovativ təmizləmə metodları və qabaqcıl avadanlıqlar vasitəsilə tullantıların emalını həyata keçirən şirkətin təsisçisi və rəhbəri Vüsal Həsənovdur.