24 saat müddətində bərpa olunmayan görmə itkisi "qalıcı görmə itkisi" olaraq qəbul edilir.
Yurd.Media xəbər verir ki, Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Mustafa Nil qeyd edir ki, bu sahədə görmənin tədricən zəiflədiyi hallar daha çox diqqəti cəlb edir.
Məsələn, katarakta, refraktiv pozğunluqlar, torlu qişa xəstəlikləri, diabetik retinopatiya, yaşla əlaqəli makula degenerasiyası və qlaukoma bu cür vəziyyətlərə nümunə göstərilə bilər.
Göz damarlarında tıxanma, travma və ya müxtəlif xəstəliklər nəticəsində yaranan gözdaxili qanaxma, ağrılı qlaukoma böhranı, eləcə də gözün ön təbəqəsində ağrılı buynuz qişa ödemi qəfil görmə itkisinə gətirib çıxara bilər.
Mütəxəssis vurğulayır ki, görmə insanın vizual fiziologiya yolu ilə cisimlərin formalarını, mövqelərini, rənglərini və parlaqlıq dərəcələrini fərqləndirmə bacarığıdır.
Göz bəbəyindən ötürülən məlumatlar beynin arxa hissəsində yerləşən birincili görmə qabığında təsvir formalaşdırır və bu təsvir həmin bölgədə interpretasiya olunur. Görmə itkisi bu nahiyələrdə və ya sinir yollarında hər hansı bir xəstəlik ya da travma səbəbindən meydana gələ bilər.
Görmə itkisini yaradan vəziyyətlərə toxunan Mütəxəssis Dr. Nil belə açıqlayıb: "Qanuni görmə itkisi və ya korluq, kontakt linza və ya eynəklə korreksiyaya baxmayaraq şəxsin görmə qabiliyyətinin yüzdə 10-dan aşağı olması və ya görmə sahəsi cihazı ilə ölçüldükdə görmə sahəsinin 20 dərəcədən az olması deməkdir.
Görmə itkisinin əsas səbəbləri həm müvəqqəti, həm də daimi görmə itkisinə yol aça bilər. Beyin damarlarında tıxanma, gözdaxili damarlarda qısamüddətli sıxılmalar, miqren həmlələri, yüngül gözdaxili qanaxma kimi hallar müvəqqəti görmə itkisinə gətirib çıxara bilər."