Boyun nahiyəsində zob meydana gəlməsi, daimi yuxululuq hissi, əsəbi gərginlik, bədən çəkisində dəyişikliklər və əzələ ağrıları qalxanvari vəzinin xəstəliyindən xəbər verə bilər.
Yurd.Media xəbər verir ki, istinadla yaydığı xəbərə əsasən, bu məlumatı rusiyalı endokrinoloq Anastasiya Lunyova açıqlayıb.
"Qalxanvari vəzinin fəaliyyətindəki ən cüzi pozulma belə sağlamlıqda ciddi ağırlaşmalara yol aça bilər. Boğazda düyün hissinə xüsusi diqqət yetirmək gərəkdir. Bu simptom əksər hallarda LOR orqanlarının xəstəlikləri ilə bağlı olsa da, hormonal problemləri istisna etmək son dərəcə önəmlidir. Bundan əlavə, boyun nahiyəsində gözlə görünən və ya yalnız toxunmaqla hiss olunan hər hansı törəmə aşkar edildikdə mütəxəssisə müraciət etmək lazımdır", - deyə mütəxəssis vurğulayıb.
Bədən çəkisində hər hansı istiqamətdə səbəbi bilinməyən dəyişikliklər və ya arıqlaya bilməmək qalxanvari vəzinin fəaliyyət pozğunluğuna işarə ola bilər. Xarici görünüşdə də müəyyən dəyişikliklər müşahidə edilə bilər: saçların zəifləyib tökülməsi, dırnaqların incəlməsi və parlaqlığını itirməsi.
Qalxanvari vəzi hormonlarının çatışmamazlığı beyindən orqanizmə siqnalların ötürülməsini təmin edən sinir hüceyrələrinə mənfi təsir göstərir. Belə hallarda ağrılı spazmlar və qıcolmalar, eləcə də ətraflarda keyləşmə meydana gələ bilər.
"Əgər nə hərəkət etmək, nə fikirləşmək, nə də işləmək istəyirsinizsə, sadəcə uzanmaq və ya yuxuya getmək arzulayırsınızsa, bunu yaşa, mövsümi dəyişikliklərə və ya digər amillərə bağlamayın. Daha doğru yol həkimə müraciət edərək hormonal pozuntuların olmadığına əmin olmaqdır. Bu, xüsusilə ailə üzvlərində qalxanvari vəzi xəstəliyi olan şəxslər üçün böyük əhəmiyyət daşıyır", - deyə həkim bildirmişdir.