SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Səhiyyədə rəqəmsallaşma, poliklinikada kağız sənəd tələbi – TƏBİB-dən AÇIQLAMA

Səhiyyədə rəqəmsallaşma, poliklinikada kağız sənəd tələbi – TƏBİB-dən AÇIQLAMA

Dövlət xidmətlərində elektron sənədlər hüquqi qüvvəyə malik olsa da, onların tibb müəssisələrində qəbulu ilə bağlı problem üzə çıxıb.

Yurd.Media xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Poliklinikasında vətəndaşın “myGov” mobil tətbiqində təqdim etdiyi elektron şəxsiyyət vəsiqəsi qəbul edilməyib. Nəticədə, valideyn övladını oftalmoloq müayinəsinə yazdırmaq üçün çətinliklə üzləşib.

Belə ki, vətəndaş övladının göz müayinəsindən keçməsi məqsədilə poliklinikaya müraciət edərək onu oftalmoloq həkiminin qəbuluna yazdırmaq istəyib. Lakin qeydiyyat zamanı ona fiziki şəxsiyyət vəsiqəsi olmadan növbəyə yazılmağın mümkün olmadığı bildirilib.

Vətəndaş övladının şəxsiyyət vəsiqəsini “myGov” mobil tətbiqi vasitəsilə təqdim etsə də, poliklinika əməkdaşları elektron sənədi qəbul etməyiblər. Nəticədə, valideyn uşağın həkim müayinəsindən keçə bilməsi üçün öz fiziki şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməyə məcbur olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yurd.Media-ya bildirilib ki, poliklinikalarda həkim qəbuluna yazılmaq üçün fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsini nəzərdə tutan tələb yoxdur.

Qurumun açıqlamasında “myGov” mobil tətbiqində əks olunan elektron şəxsiyyət vəsiqəsinin fiziki şəxsiyyət vəsiqəsi ilə eyni hüquqi qüvvəyə malik olduğu vurğulanıb. Bildirilib ki, elektron sənədin təqdim edilməsi kifayətdir.

TƏBİB-in cavabında qeyd olunub ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” 14 iyun 1994-cü il tarixli Qanunun müvafiq maddəsinə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilməsi vəsiqənin təqdim edilməsinə bərabər tutulur.

Həmçinin bildirilib ki, fiziki şəxsiyyət vəsiqəsi vətəndaşın üzərində olmadığı halda, “myGov” tətbiqindəki elektron şəxsiyyət vəsiqəsini təqdim etməklə poliklinikada həkim qəbuluna yazılmaq mümkündür.

TƏBİB fiziki şəxsiyyət vəsiqəsinin olmamasının özlüyündə vətəndaşa tibbi xidmətdən imtina üçün qanuni əsas olmadığını da qeyd edib.

Qurumun açıqlamasında əlavə olunub ki, elektron şəxsiyyət vəsiqəsi məlumatlarının EHİS vasitəsilə təqdim edilməsinin hüquqi baxımdan tanınması istiqamətində Bakı Baş Səhiyyə Mərkəzinə tabeli poliklinikalarda müvafiq hüquqi tədbirlər həyata keçirilir.

Bu hal dövlət xidmətlərinin rəqəmsallaşdırılması fonunda elektron sənədlərin tibb müəssisələrində faktiki qəbul edilməsi ilə bağlı problemi üzə çıxarır. 

Skat.az - Ev və Avtomobil elanları