Payız fəslində bədənimizdə əskik olan vitaminləri təmin etmək və müxtəlif xəstəliklərin qarşısını almaq üçün qidalanma rejimimizi daha da zənginləşdirmək vacibdir. Bu baxımdan kələm turşusu ən əlverişli variantlardan biridir.
Yurd.Media xəbər verir ki, bu barədə rusiyalı həkim-dietoloq, tibb elmləri namizədi Yelena Solomatina bildirib.
Onun fikrincə, kələm turşusunun tərkibində çox sayda faydalı komponentlər və qida lifləri mövcuddur.
"Orqanizminizə zəruri olan bütün qida maddələrini təqdim edin, o özü hansına ehtiyac duyduğunu müəyyən edəcək. Bədəni nəyisə qəbul etməyə zorlamağa lüzum yoxdur. Misal üçün, payız aylarında turşuya qoyulmuş kələm yeməyi tövsiyə olunur. Kələm turşusunun tərkibində "C" vitamini, qiymətli maddələr və vacib qida lifləri bol miqdarda var", - deyə mütəxəssis açıqlayıb.
Dietoloq həmçinin vurğulayıb ki, müstəqil şəkildə vitaminlər təyin etmək doğru deyil, belə ki, əlavə preparatlar həddən artıq ola bilər.
"Nümunə olaraq, askorbin turşusunun ("C" vitamini) həddindən çox qəbulu böyrəklərdə daş əmələ gəlməsinə yol aça bilər. Bunun yerinə təbii qida məhsullarına üstünlük verin", - deyə o sözlərini tamamlayıb.