Bakıda məşhur restoranda yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, qurum tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb
Qeyd edilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb.
Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb.