Amerikalı qastroenteroloq Saurab Sethinin sözlərinə görə, dəriyə yüngül təmasla belə qançırların meydana gəlməsi orqanizmdə C və K1 vitaminlərinin yetərli səviyyədə olmamasının göstəricisi ola bilər.
Yurd.Media xəbər verir ki, mütəxəssis bildirib ki, C vitamini (askorbin turşusu) yalnız immunitet sisteminin möhkəmləndirilməsində deyil, eyni zamanda dəri, sümük, əzələ və digər birləşdirici toxumaların quruluşunu qoruyan zülal olan kollagenin sintezində mühüm funksiya daşıyır. C vitamininin kifayət qədər olmaması qan damarlarının zəifləməsinə gətirib çıxarır ki, bu da bədəndə göyərmələrin yaranmasına yol açır.
Qeyd olunur ki, C vitamini çatışmazlığının ən ciddi forması sinqa xəstəliyi hesab edilir. Sinqa xəstəliyinin xarakterik əlamətləri arasında diş ətinin iltihabı, şişlik, xüsusilə aşağı ətraflarda nöqtəvi və geniş qanaxmalar, əzələ və sümük ağrıları, həmçinin depressiv əhval-ruhiyyə yer alır.
Sethi həmçinin vurğulayıb ki, sitrus meyvələri, bibər, brokoli, ananas, kivi və yarpaqlı tərəvəzlər C vitamini ehtiyatını bərpa etməyə yardım edir. Lakin bu qida məhsulları mötədil miqdarda qəbul edilməlidir. Həddən artıq askorbin turşusu və kollagen böyrək daşlarının əmələ gəlməsinə, baş ağrılarına və gücsüzlüyə gətirib çıxara bilər.
Bədəndə əmələ gələn qançırlar həmçinin qanın laxtalanması prosesi üçün zəruri olan K1 vitamini çatışmazlığına da işarə edə bilər. Bu vitaminin yetərsizliyi kapilyarların və digər xırda damarların cırılma ehtimalını artırır ki, bu da dərialtı qanaxmaya səbəb olur.