Başa çatan il Azərbaycan iqtisadiyyatı üçün bir sıra məqamlarla əlamətdar oldu. Yurd.Media 2025-ci ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi əsas nailiyyətlər, aparıcı sektorların inkişafı, həyata keçirilən islahatlarla bağlı müvafiq dövlət qurumları birgə araşdırma aparıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz sektoru iqtisadiyyatın əsas aparıcı qüvvəsinə çevrilmiş, onun ÜDM-dəki payı əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım göstərib.
İl ərzində ölkə iqtisadiyyatının əldə etdiyi əsas göstəriciləri təqdim edirik:
🏭 Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3%-dən 2024-cü ildə 67,8%-ə çatmış, cari ilin 11 ayında isə 70%-i ötmüşdür.
🏗️ Xüsusi olaraq qeyd olunmalıdır ki, son 5 ildə işğaldan azad olunmuş ərazilərin bərpası və burada iqtisadi potensialın hərəkətə gətirilməsi ölkənin iqtisadi artım və şaxələnmə perspektivlərini daha da yaxşılaşdırıb. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb.
💵 Strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə 2025-ci ilin 1 dekabr tarixinə 1.9 dəfə artaraq 83.6 mlrd. ABŞ dollarına çatıb. Bu xarici dövlət borcundan 17 dəfə çoxdur.
👷 Əmək bazarının rəsmiləşməsində nailiyyətlər davam edib. Belə ki, 2019-cu ildən 2025-ci ilin 1 dekabr tarixinədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 1.6 dəfə artaraq 1 milyonu ötüb.
💰 Ölkə iqtisadiyyatının inkişafında sərmayə qoyuluşları ən mühüm amillərdən biri olub. Azərbaycanın investisiya cəlbediciliyinin artmasının bariz göstəricisindən biri ölkənin kredit reytinqinin artmasıdır. Belə ki, 2024-2025-ci illərdə dünyanın aprıcı kredit agentlikləri olan “Fitch Ratings” və “Moody’s Ratings” tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib.
🧾 Cari ilin sentyabr ayında Bakıda I Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 mlrd. ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan qeyri-neft-qaz sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 mlrd. ABŞ dollarından çoxdur.

Kənd təsərrüfatında rekord göstərici, ixracda əhəmiyyətli artım
Ölkə iqtisadiyyatının əsas istiqamətlərindən olan kənd təsərrüfatı ilini isə bir cümlə ilə belə yekunlaşdırmaq olar - məhsul istehsalı, ixracı, fermerlərin aqrar fəaliyyətdən əldə olunan gəlirləri artıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bu il kənd təsərrüfatında dinamik artım tempi qorunub saxlanıb:
“Bir çox istiqamətlər üzrə məhsul istehsalı çox yüksək olub. Taxılçılıq və pambıqçılıq sahəsində yüksək göstəricilər əldə edildiyini vurğulamaq istərdim”.
💮 Xüsusilə də pambıq üzrə müstəqillik dövrünün rekord göstəriciləri qeydə alınıb. Pambıqçı fermerlər mövsümü 35,78 sentner/hektar göstərici ilə başa vururlar ki, bu da Azərbaycanın müstəqillik dövründə qeydə alınmış ən yüksək nəticədir.
🍎 Eyni zamanda ölkədə intensiv bağların salınmasına dövlət dəstəyi tədbirlərinin genişlənməsi sayəsində məhsul istehsalında və ixracında əhəmiyyətli artım olub. Bir çox meyvələr üzrə əvvəlki illərlə müqayisədə ixrac göstəriciləri çox yüksəlib.

Dəmir yollarında sərnişindaşıma coğrafiyasının genişlənib, beynəlxalq yükdaşımalarda artım
Vətən müharibəsindən sonrakı dövrdə regionda yaranan reallıq Azərbaycanın logistika mərkəzinə çevrilməsini şərtləndirir. Bununla bağlı dəmir yolları ilə daşımaların rolu əhəmiyyətli dərəcədə artır.
Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Haciyev Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, ADY bu il sərnişindaşıma xidmətlərinin həm keyfiyyətinin yüksəldilməsi, həm də coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərə imza atdı.
🏫 10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub.
🚄 İlin əsas hadisələrindən biri 32 ildən sonra Qarabağa qatarla səfərlərin bərpası oldu. Bərdə–Ağdam dəmir yolu xəttinin yenidən qurulmasından sonra, avqustdan etibarən Bakı–Ağdam–Bakı marşrutu üzrə həftəsonları hər iki istiqamətdə müntəzəm reyslər təşkil edilir.
🚈 2025-ci ildə ilk dəfə olaraq Bakı şəhərindən kənarda – Gəncə–Mingəçevir marşrutu üzrə müasir elektrik qatarları ilə regiondaxili sərnişindaşıma xidmətinə start verildi.
🚊 Sərnişindaşıma coğrafiyasının genişləndirilməsi istiqamətində atılan digər mühüm addım bu ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə gecə reyslərinin bərpası oldu. Növbəti mərhələdə Bakı–Ağstafa marşrutu Qazax stansiyasına qədər uzadıldı və bu istiqamətdə ilk dəfə müasir sərnişin qatarları ilə səfərlər təşkil edildi.
2025-ci ildə ADY beynəlxalq yükdaşımalardakı mövqeyini daha da gücləndirdi.
🚆 2025-ci il ərzində ADY Orta Dəhlzilə 390-a yaxın blok-qatar qəbul edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 35 faiz çoxdur.
⛴️ Ötən il beynəlxalq daşımaların səmərəliliyinin artırılmasında Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə birləşdirilməsi mühüm rol oynadı. Prezident İlham Əliyevin Fərmanı ilə fevral ayından etibarən Liman ADY-nin strukturuna daxil edildi. İnteqrasiyanın nəticələri qısa müddətdə özünü göstərdi. Cari ildə Bakı Limanında rekord həcmdə – 105 min TEU-dan çox konteyner yükü aşırıldı ki, bu da 2024-cü illə müqayisədə 40 faizdən çox artım deməkdir.
🇨🇳 İyulda ADY rəhbərliyinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ilk dəfə olaraq Çinin Sian Limanında ADY-nin rəsmi nümayəndəsi təyin edilib və illik 20 min TEU yükaşırma gücünə malik konteyner meydançası açılıb.
🚃 Azərbaycan üzərindən artmaqda olan yükdaşıma tələbatını qarşılamaq üçün ADY tərəfindən bu il 300 vaqon alınaraq qatar parkına daxil edilib. Aprel ayında Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələrinin alınması ilə bağlı müqavilə imzalanıb.

Statistikanın inkişafına təkan verəcək Dövlət Proqramı
Təbii ki, ölkə iqtisadiyyatının artım dinamikasının dəqiq və obyektiv qiymətləndirilməsi üçün statistik təhlillər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Dövlət Statistika Komitəsinin fəaliyyəti strateji önəm kəsb edir. Komitə tərəfindən təqdim olunan rəsmi məlumatlar iqtisadi siyasətin formalaşdırılması, düzgün qərarların qəbul olunması və uzunmüddətli planlaşdırma üçün əsas baza rolunu oynayır.
Bu ilin yekunları ilə bağlı Dövlət Statistika Komitəsindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci il statistika sahəsi üçün də vacib məqamlarla yaddaqalan olub:
✔️ Ölkədə 2025-ci il iyul ayının 15-dən avqustun 15-dək kənd təsərrüfatının siyahıyaalınması keçirilib. On ildən bir aparılan siyahıyaalma ilə ölkəmizin bütün ərazisi, o cümlədən işğaldan azad olunmuş ərazilər də əhatə olunub;
✔️ BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq beş ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilib;
✔️ Ümumdünya Statistika Günü ərəfəsində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumu keçirilib və Forumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ünvanlanmış müraciətdə cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün statistikanın ildən-ilə artan əhəmiyyəti qeyd olunaraq Azərbaycanda milli statistika sisteminin ardıcıl şəkildə inkişaf etdirildiyi, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalının daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb;
✔️ Yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiada keçirilib;
✔️ 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Türkiyə Respublikası Hökuməti, Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi və Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində Anlaşma Memorandumları imzalanıb;
✔️ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
