SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Radio kanalı “Xalq Bank”a 30 min dollar faiz ödəməli olacaq

Radio kanalı “Xalq Bank”a 30 min dollar faiz ödəməli olacaq

  • 12 oktyabr 2026, 22:38

Kredit borcunun gecikdirilməsinə görə radio kanalı 30 min ABŞ dolları əlavə faiz tutulacaq.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, “Xalq Bank” ASC-nin “Antenn” Müstəqil Teleradio Kompaniyasına (keçiş radio "Antenn”) qarşı məhkəmə çəkişməsi yekunlaşıb.

Belə ki, 2019-cu ildə “Xalq Bank” ASC ilə “Antenn” Müstəqil Teleradio Kompaniyası arasında 36 ay müddətinə, illik 7% olmaqla, 300 min ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanıb. Müqaviləyə 2020-ci ildə bir neçə əlavə saziş də imzalanıb.

Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə borcalan və digər şəxslərə məxsus daşınmaz əmlaklar da ipoteka ilə yüklü edilib. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən, ümumi sahəsi 301 kvadratmetr olan qeyri-yaşayış sahəsi, həmin prospektin 189 ünvanında yerləşən 43,3 kvadratmetrlik qeyri-yaşayış sahəsi, eləcə də digər ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və onun üzərindəki 73 kvadratmetrlik qeyri-yaşayış binası ipoteka predmetləri olub.

Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən bank məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsinin 2023-cü ildə qəbul etdiyi qətnamə ilə borcalandan 210 min 347,86 ABŞ dolları əsas borc, 22 min 626,42 ABŞ dolları faiz borcu, 10 min 0,29 ABŞ dolları dəbbə pulu, eləcə də müəyyən dövr üçün hesablanmış 2 min 223,52 ABŞ dolları məbləğində borcun tutulması müəyyən edilib.

Bakı Apellyasiya Məhkəməsi 2024-cü ildə həmin qətnaməni faiz borcu və dəbbə pulu hissələrində dəyişdirib. Nəticədə faiz borcu 101,02 ABŞ dolları, dəbbə pulu isə 6 min 318 ABŞ dolları müəyyən olunub. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə 2025-ci ildə apellyasiya instansiyasının qərarını mübahisələndirilən hissədə dəyişdirmədən saxlayıb. 

Sonradan “Xalq Bank” yenidən məhkəməyə müraciət edərək əsas borcun gecikdirilməsi ilə əlaqədar əlavə faiz və cərimənin tutulmasını tələb edib. İddia ərizəsində 2022-ci ildən 2025-ci ilədək olan dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dolları, habelə 2023-cü ilin müəyyən dövrü üçün illik 15 faiz dərəcəsi ilə hesablanmış 2 min 217,28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 32 min 762,51 ABŞ dollarının və ödənilmiş 257,09 manat dövlət rüsumunun “Antenn” Müstəqil Teleradio Kompaniyasından tutulması xahiş edilib.

Bank iddiasını onunla əsaslandırıb ki, əvvəlki məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borc icra mərhələsində cavabdeh tərəfindən ödənişlər edilməklə tam bağlansa da, borcun gecikdirilməsi nəticəsində əlavə maliyyə tələbləri yaranıb. İddiaçının mövqeyinə görə, əsas borcun gecikdirilmiş məbləğinə görə müqavilənin 6.2-ci bəndinə əsasən illik 15 faiz dərəcəsi ilə hesablanan 2 min 217,28 ABŞ dolları cərimə ödənilməlidir.

Bundan başqa, bank bildirib ki, əsas borc yalnız 2025-ci ildə qaytarıldığından, həmin müddət ərzində vəsaitdən istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda şəklində zərərə məruz qalıb. Bu səbəbdən 2022-ci ildən borcun faktiki ödənildiyi tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dollarının tutulmasını tələb edib.

İş üzrə keçirilmiş ekspertiza zamanı 2022-ci ildən 2023-cü ilədək olan dövr üçün hesablanmış məbləğ 16 min 467,61 ABŞ dolları, 2023-cü ildən 2025-ci ilədək olan dövr üçün isə 22 min 56,64 ABŞ dolları göstərilib. 

Bakı Kommersiya Məhkəməsinin 2026-cı ildə qəbul etdiyi qətnamə ilə iddia qismən təmin edilib. Məhkəmə kredit xətti müqaviləsi üzrə əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dollarının cavabdehdən tutularaq banka ödənilməsinə qərar verib. Məbləğin tutulduğu vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat ekvivalentində ödənilməsi müəyyən edilib. 

Məhkəmə iddianın cərimə ilə bağlı hissəsini isə təmin etməyib. Qətnamədə göstərilib ki, kredit xətti müqaviləsi 2022-ci ildə birtərəfli qaydada ləğv edildiyindən, bankın müqavilə müddətindən sonrakı dövr üçün cərimə hesablamasının hüquqi əsası yoxdur.

Bununla yanaşı, məhkəmə “Antenn” Müstəqil Teleradio Kompaniyasından bankın xeyrinə 240 manat dövlət rüsumu, həmçinin 100 manat ekspertiza xərcinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsinə qərar verib. 

Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddianın tamamilə rədd olunmasını istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.

Daha sonra “Antenn” Müstəqil Teleradio Kompaniyası kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətdə Mülki Məcəllənin 445.7-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinə istinad olunub. 

Kassasiya şikayətində qeyd edilib ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa qayda müəyyən edilmədiyi halda, borclu pul öhdəliyinin icrasını gecikdirdikdə kreditor gecikdirilmiş məbləğə illik 5 faiz tələb edə bilər. Cavabdehin mövqeyinə görə, məhkəmə ekspertizasının rəyində borcun hesablanması zamanı 5 faiz əvəzinə 7 faiz dərəcəsindən istifadə olunub və bu hal borcun düzgün müəyyən edilməməsinə səbəb olub.

Şikayətdə həmçinin bildirilib ki, birinci instansiya məhkəməsi ekspert rəyindəki uyğunsuzluğu texniki xarakterli hesab edərək qərarını həmin rəyə əsaslandırıb. Halbuki, cavabdehin fikrincə, bu uyğunsuzluq nəzərə alınmalı, borcun hesablanmasının düzgünlüyü yoxlanılmalı idi.

Ali Məhkəmə kassasiya şikayətini araşdıraraq onun təmin edilməməsi barədə qərar qəbul edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı ildə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılıb. 

Beləliklə, bankın əsas borcun gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 30 min 545,23 ABŞ dolları məbləğində əlavə faiz tələbinin təmin olunması barədə məhkəmə qərarı qüvvədə qalıb, müqavilə müddətindən sonrakı dövr üçün tələb edilən cərimə isə tutulmayıb.

Qeyd edək ki, Azərbaycan mətbuatında yayılan məlumatlarda “Antenn” Müstəqil Teleradio Kompaniyasının Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu qeyd edilir.

Skat.az - Ev və Avtomobil elanları