“Abşeron-Şərab” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, buna səbəb şirkətin 2024-cü il üzrə illik hesabatını gecikdirməsi olub.
Buna görə də şirkətə İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə) maddəsi ilə ittiham elan edilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə “Abşeron-Şərab” 1500 manat cərimə edilib.
Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verərək bildirib ki, hesabat gecikmə ilə olsa da, sonradan təqdim edilib və pozuntu tam aradan qaldırılıb. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, bundan əvvəl “Abşeron-Şərab” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 2 min manatlıq cərimə edilmişdi. Amma məhkəmə həmin cərimə protokolunu ləğv etmişdi.