“Dream Group İnt” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 71,7 min ABŞ dollar məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Dream Group İnt” MMC-nin nümayəndəsi Xaviza Nabieva bildirib ki, şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə qanunsuz və əsassızdır:
“Hazırki iş üzrə avans ödənişinin həyata keçirilməsinə əsas olan müqavilə və ona müvafiq əlavələr üzrə 2024-cü ildə 71,7 min dollar dəyərində avans qaydasında ödənilmiş vəsaitin müqabilində işlər faktiki olaraq yerinə yetirilib. Nəticələr cəmiyyətə təhvil verilib və sonuncu tərəfindən qəbul edilib. Bu hal tərəflər arasında imzalanıb və bu etiraza əlavə olunmuş təhvil-təslim aktları ilə təsdiq olunur. Belə olan halda, sadəcə avans ödənişinin həyata keçirilməsi faktı özlüyündə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasına əsas olmadığından və cəmiyyətə münasibətdə qeyd olunan maddənin dispozisiyasında qeyd olunan şərtlər ödənilmədiyindən həmin maddə ilə cəmiyyət məsuliyyətə cəlb edilə bilməz. Odur ki, “Dream Group İnt” MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edirəm" – deyə MMC-nin nümayəndəsi məhkəmə çıxışında bildirib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə "Dream Group İnt” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilib.
Qeyd edək ki, "Dream Group İNT" MMC (Dream Group International), tanınmış iş adamı Emin Ağalarov tərəfindən qurulmuş, Bakıda və dünyanın digər şəhərlərində genişmiqyaslı tədbirlərin təşkili ilə məşğul olan beynəlxalq event şirkətidir. Şirkət əsasən Agalarov Development qrupunun bir parçası olaraq fəaliyyət göstərir. "Dream Group İNT" direktoru Kamran Allahverdiyevdir.
Bir müddət əvvəldə də Azərbaycan Mərkəzi Bankı tərəfindən “Dream Group İnt” MMC barəsində valyuta qaydalarının pozulması ilə bağlı iş qaldırılmışdı, onda da nəticədə işə xitam verilmişdi.