“Kontakt Home” və ya “ABC Telekom” MMC-yə yaxın olan “Nova Credit” daha bir neçə müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC Qax Rayon Məhkəməsinə müraciət edib.
📂 İddia ərizəsinə əsasən, müştərinin 2025-ci ildə bağlanmış müqavilə üzrə 2313 manat əsas borcu, 231 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2544 manat borcu yaranıb.
Məhkəmə iddia tələbini qismən təmin edib və dəbbə pulunu 50 manata salıb. Beləliklə, 2363 manat məbləğində pul vəsaiti və 40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılıb.
📂 Bundan başqa, “Nova Credit” MMC Qax rayonunda daha bir müştərisi Süleymanov İsmayıl İslam oğluna qarşı da iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
Müştərisindən 2025-ci ildə imzalanan müqavilə üzrə 1490 manat əsas borcu, 149 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1639 manat borcu yaranıb.
Məhkəmə bu iddia tələbini də qismən təmin edib və dəbbə pulunu 50 manata endirib.
📂 “Nova Credit” MMC başqa bir müştərisindən 542 manat əsas borc, 54 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 596 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilib.
Məhkəmə bu iddia tələbini də qismən təmin edərək cəmi 10 manat dəbbə pulu saxlayıb.
Qeyd edək ki, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət bundan əvvəl Sabirabad Rayon Məhkəməsində müştərilərinə qarşı pul tələbinə dair iddia qaldırmışdı, ona yaxın olan “ABC Telecom" isə Bakının Binəqədi, Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən , Şəmkir, İsmayıllı, Quba, Ağdaş rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.
Xatırladaq ki, “Nova Credit” BOKT 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Həsən İsrafilzadədir. O “Kontakt Home” əmtəə nişanı ilə fəaliyyət göstərən “ABC Telekom” MMC-nin direktorudur.