SÜJET
Azərbaycanda son zamanlar dövlət qurumlarının büdcədən ayrılan vəsaiti depozitə qoyaraq gəlir əldə etməsi faktları aşkarlanır.
Yurd.Media xəbər verir ki, bu fəaliyyət də həm hüquqi, həm etik baxımdan ciddi suallar doğurur.
Düzdür, israfın qarşısının alınması məqsədi ilə müvəqqəti istifadə olunmayan vəsaitin depozitdə saxlanılması büdcə vəsaitlərinin passiv qalmasının qarşısını ala bilər, depozit faizi şəklində əlavə maliyyə vəsaiti formalaşa bilər və qısa müddətli maliyyə planlamasında bəzi xərcləri qarşılamaq üçün bu cür gəlirlər istifadə oluna bilər.
Lakin, əsas götürülməli məsələ - büdcə vəsaiti dövlətin konkret məqsədləri üçün ayrılıb və bu vəsaitlərin gəlir məqsədilə istifadəsi qanunvericiliklə ziddiyyət təşkil edir.
Elə bu ilin əvvəlində Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxmışdı. Bu fakt Hesablama Palatasının Agentlikdə həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində müəyyənləşmişdi.
Audit nəticəsində aydın olub ki, Dövlət Ehtiyatları Agentliyində dövlәt büdcәsi vәsaitlәrinә illik tәlәbatın düzgün müәyyәn edilməməsi ilə 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127,5 milyon manat vәsait müxtәlif şәrtlәrlә banklarda depozit kimi yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44,5 milyon manat olub.
Görünür bu istiqamətdə digər qurumlar tərəfindən də analoji fəaliyyət həyata keçirildiyindən artıq qəti tədbirlər görülür.
Ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması qaydasında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 5 faizindən artıq olmamalıdır. Halbuki, əvvəlki qaydaya görə, bu rəqəm 50 faiz müəyyən olunmuşdu.
Bir sözlə, dövlət büdcəsi vəsaitləri yalnız konkret məqsədlər üçün — məsələn, infrastruktur layihələri, sosial təminat, təhsil, səhiyyə, təhlükəsizlik və digər ictimai ehtiyaclar üçün ayrılır. Bu vəsaitlər vergilər hesabına formalaşdığı üçün onların istifadəsi ictimai maraqlara xidmət etməlidir.