SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Dağların ətəyində Coca-Cola zavodu: Qlobal marka ilə bölgənin inkişafı modeli - REPORTAJ

Dağların ətəyində Coca-Cola zavodu: Qlobal marka ilə bölgənin inkişafı modeli - REPORTAJ

İsmayıllı

Coca-Cola dünyanın ən tanınmış və geniş yayılmış içki brendlərindən biridir. Şirkət hazırda 200-dən çox ölkədə fəaliyyət göstərir və dünyada gündəlik olaraq 2 milyarda qədər Coca-Cola məhsulu içirlər. Azərbaycanda Coca-Cola məhsullarının istehsalı 1996-cü ildən həyata keçirilir. “Coca-Cola Bottlers Azerbaijan” şirkəti Bakının Qaradağ rayonunda yerləşən müasir istehsal zavodu ilə ölkə daxilində Coca-Cola, Fanta, Sprite, Bonaqua və digər məhsulların istehsalını həyata keçirir...

Bütün bunları yazıb araşdırmağı Yurd.Media üçün maraqlı edən faktor bu yaxınlarda Coca-Cola zavodlarından birinin İsmayıllıda fəaliyyətə başlaması oldu. Azərbaycanın bölgələri, xüsusən də orada yaradılan istehsal müəssisələri haqqında silsilə araşdırmalar aparmağı qarşısına məqsəd qoyan Yurd.Media yeni istifadəyə verilmiş bu zavoddan da reportaj hazırlayıb.

 

İsmayıllı rayonunun gözəl məkanlarından biri olan Topçu kəndində yerləşən müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir.

Şahidi olduğumuz istehsal prosesində 1 və 2 litrlik “Coca-Cola” məhsulları qablaşdırılırdı. Zavodun logistika baxımından çox uyğun yerləşməsi Bakı və Abşeron yarımadasından başqa ölkənin bütün ərazilərinə məhsulun tez bir zamanda çatdırılmasını mümkün edir.

Beləliklə, yeni müəssisənin açılması istehsalın lokallaşdırılmasını, qabaqcıl texnologiyaların transferini və idxalın əvəz edilməsini stimullaşdırmaqla yanaşı, ixrac potensialının artırılmasına da xidmət edir. Zavodda istehsal olunan məhsulların bir qisminin gələcəkdə qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır.

 

Bu yeni istehsal kompleksi İsmayıllı rayonunun sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Müəssisənin fəaliyyətə başlaması regionun sənaye potensialının reallaşdırılması ilə yanaşı, yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına da töhfə verir. Çünki, zavoda daxil olarkən ilk maraqlandığımız məsələ işçilərlə bağlı oldu – məlum oldu ki, müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub.

Zavod neçəyə başa gəlib?

Layihənin investisiya dəyəri 80 milyon manatdır. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. Ölkəmizdə istehsala 1996-cı ildə başlayan “Azerbaijan Coca-Cola Bottlers” MMC indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.

 

Dağların ətəyində qurulan bu müasir müəssisə bəlkə də bütün dünyaya yayılan şirkətin ən mənzərəli, ekoloji təmiz mühitdə fəaliyyət göstərən zavodudur. Təbii ki, belə bir cənnət-məkanda yerləşmə şirkət qarşısında ekoloji standartları ən yüksək səviyyədə tutmağı vadar edir. Zavodun arxasında yerləşdirilən 3 nəhəng çən də elə bu funksiyanı yerinə yetirir – tullantı maye emal edilir, təmizlənmiş su biçin sahələrinə yönləndirilir, qalıqlar isə gübrə kimi kənd əhalisinə verilir. Əsas odur ki, pulsuz. Bundan başqa, “Azerbaijan Coca-Cola Bottlers” MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin edir.

 

Dövlət başçısının xeyir-duası

Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib. Bu da təsadüfi deyil - regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlət başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.

Təbii ki, "Coca-Cola" kimi qlobal brendin Azərbaycana investisiyalarını artırması ölkəmizdəki əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin göstəricisidir. Paytaxtla yanaşı, regionlara yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması Azərbaycanın qeyri-neft sektorunun dinamik inkişafının göstəricisi olmaqla bərabər, bölgələrin iqtisadi potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayır. Bu cür layihələr regionlarda məşğulluq probleminin həllinə, yerli istehsalın stimullaşdırılmasına və bölgələrdən paytaxta miqrasiyanın azaldılmasına xidmət edir.

Prime Leasing