Dırnaq yemək adətinin tibbi terminologiyada öz xüsusi adı mövcuddur: onikofaqiya. Bu hal əhalinin təxminən 20-30 faizində müşahidə olunur.
Yurd.Media xəbər verir ki, bu "adət" adətən 3-4 yaşlarında formalaşmağa başlayır və uşağı yetkinlik dövrünə qədər, müəyyən hallarda isə daha uzun müddət ərzində müşayiət edə bilir.
Bəs bu adət hansı səbəblərdən yaranır?
Təəssüf ki, mütəxəssislər bu vərdişin əsas səbəbini indiyə qədər tam olaraq aydınlaşdıra bilməyiblər.
Ailə daxilindəki problemlərin yaratdığı stressin bu vərdişin meydana gəlməsinə təkan verdiyinə dair fərziyyə irəli sürülüb. Lakin bütün tədqiqatçılar bu yanaşma ilə həmfikir deyil: bəziləri stresslə əlaqəni qəbul etmir və bunun darıxma və məyusluq hissinin nəticəsi olduğunu bildirirlər.
Onikofaqiyanın yaranmasına dair başqa bir nəzəriyyə də mövcuddur. Aparılmış araşdırmaların nəticələri göstərir ki, bu xoşagəlməz adətlə hiperaktivlik arasında müəyyən əlaqə var. Hiperaktivlik pozuntusu olan uşaqların 74 faizi müntəzəm olaraq dırnaqlarını yeyir.
Dırnaq yemək vərdişinin DEHB əlaməti olduğunu qəti şəkildə söyləmək mümkün olmasa da, digər əlamətlər də müşahidə edilirsə, uşağınızla birlikdə psixoterapevtə müraciət etmək tövsiyə olunur.
Bütün bunlardan asılı olmayaraq, onikofaqiya heç bir pozuntu, stress və ya qeyri-sağlam ailə mühiti ilə bağlı olmaya da bilər — bəzən insan bu obsesiv hərəkəti tamamilə şüursuz şəkildə yerinə yetirir.