SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Süni intellektdən psixoloq kimi istifadə etməyin fəsadları - MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ

Süni intellektdən psixoloq kimi istifadə etməyin fəsadları - MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ

Texnologiyanın sürətli inkişafı süni intellekti gündəlik həyatımızın bir parçasına çevirib. Bəs bu inkişaf insan psixologiyasına necə təsir edir?

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik (tibbi) psixoloq Narınc Rüstəmova Yurd.Media-ya danışıb bildirib ki, insanlar artıq yalnız işlərini deyil, bəzən emosional ehtiyaclarını da süni intellekt vasitəsilə ödəməyə çalışırlar:

“Artıq hər kəsə məlumdur ki, süni intellekt həyatımızın bir parçasına çevrilib. İnsanlar gündəlik işlərini onunla həll edir, hətta bəzi insanlar qərar alarkən də ChatGPT-dən kömək istəyir. Bir çox insan süni intellektlə emosional bağ qurur və sanki psixoloqmuş kimi ona problemini danışır”.

Psixoloq xəbərdarlıq edir ki, bu vərdiş asılılıq təhlükəsi yarada bilər:

“İnsanların gündəlik olaraq bir neçə saat süni intellekdən istifadə etməsi gələcəkdə asılılıq hallarına gətirib çıxara bilər. Onlar bu vasitələrlə güclü emosional bağ qurur və bir müddət sonra həmin vasitələri "qayğıkeş dost" kimi qəbul etməyə başlayırlar. Bu isə psixoloji problemlərə yol aça bilər”.

Narınc Rüstəmova bildirib ki, süni intellekt heç vaxt insanı tam başa düşə bilməz və yalnız ehtimallara əsaslanır. Onun sözlərinə görə, çıxış yolu tapmaqda çətinlik çəkən insanlar üçün ən doğru seçim yenə də ixtisaslaşmış psixoloqa müraciət etməkdir:

“Ona görə də ChatGPT və digər süni intellekt vasitələri peşəkar psixoloqu, psixoterapevti əvəz edə bilməz. İnsanlar problemlərlə üzləşdikdə, çıxış yolu tapa bilmədikdə ChatGPT-yə deyil, ixtisaslaşmış mütəxəssislərə müraciət etməlidirlər”.

Prime Leasing