"Maqnit qasırğalarının təsir göstərdiyi dövrdə məhsuldar həyat tərzini davam etdirmək üçün keyfiyyətli istirahəti təmin etmək və artıq gərginlikdən qaçınmaq böyük əhəmiyyət daşıyır".
Yurd.Media xəbər verir ki, bu fikirləri rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin səsləndirib.
O, qidalanma rejiminə xüsusi diqqət ayırmağı, yağlı, qızardılmış və hisə verilmiş yeməklərdən uzaq durmağı məsləhət görüb. Maqnit qasırğalarının qeydə alındığı günlərdə çay və qəhvə qəbulundan imtina etmək, əvəzində tərəvəz, meyvə, dovşan və quş əti ilə qidalanmaq, eləcə də kifayət qədər su qəbul etmək tövsiyə olunur.
Kondraxin düzgün yuxu rejiminin əhəmiyyətini də xüsusi vurğulayıb – gündəlik ən azı səkkiz saat yuxu tələb olunur. Mütəxəssis xəbərdarlıq edib ki, yuxusuzluq orqanizmdə stres hormonlarının yığılmasına gətirib çıxarır və xroniki yorğunluq sindromuna səbəb olur.
"Maqnit qasırğalarının təsiri ilə birlikdə bu vəziyyət iş qabiliyyətinin aşağı düşməsinə və stres səviyyəsinin artmasına yol aça bilər", - deyə o əlavə edib.
Həkim fiziki məşqlərlə məşğul olmağın mümkün olduğunu, lakin həddindən artıq ağır fiziki yüklərdən qaçınmağın zəruri olduğunu da diqqətə çatdırıb.