Müəyyən qan qrupuna malik olan şəxslərdə 60 yaşına çatmadan iflic keçirmə ehtimalının daha yüksək olduğu müəyyən edilib.
Yurd.Media xəbər verir ki, bu mövzuda 17 min nəfərin iştirakı ilə geniş elmi tədqiqat həyata keçirilib.
2022-ci ildə reallaşdırılan araşdırmada 18-59 yaş arasındakı şəxslərin məlumatları əsas kimi qəbul edilib.
Tədqiqatın nəticələri göstərib ki, A (II) qrupunun genetik variasiyasına malik insanlarda 60 yaşından əvvəl iflic keçirmə riski digər qan qruplarına nisbətən 16% daha yüksəkdir.
Bunun əksinə olaraq, O (I) qrupu gen variasiyası daşıyan şəxslərdə bu təhlükə 12% daha aşağı səviyyədədir.
Tədqiqatın baş müəllifi və nevroloq Stiven Kitner A (II) qan qrupunun nə üçün daha böyük risk daşıdığının hələlik tam aydın olmadığını bildirib. Mütəxəssis hesab edir ki, bu hal qanın laxtalanma amilləri, damar divarlarını əhatə edən hüceyrələr və qan dövranında olan zülallarla əlaqədar ola bilər.
Gənc yaşlı insanlarda iflic hallarının damarlarda yağ toplanması ilə deyil, əsasən qanın laxtalanması ilə bağlı olduğu ehtimal edilir.
Bu tədqiqat bir daha təsdiq edir ki, A(II) qan qrupu daşıyıcıları xüsusilə gənc yaşlarda iflic riskini nəzərdən qaçırmamalıdırlar.
Qeyd olunur ki, ABŞ-da hər il təqribən 800 min nəfər iflic keçirir və bu halların böyük əksəriyyəti 65 yaşdan yuxarı insanlarda müşahidə olunur. 55 yaşından sonra isə iflic riski hər 10 ildə 2 qat artır.