Soyuq qış mövsümündə bədənimiz müxtəlif xəstəliklərə qarşı daha zəif olur. Bu dövrdə xəstəliklərin qarşısını almaq üçün bir sıra təbii metodlara müraciət etmək mümkündür.
Yurd.Media xəbər verir ki, immunitet sistemini möhkəmləndirmək üçün üstünlük verilməsi gərəkən qidalar haqqında mütəxəssislərin məsləhətləri paylaşılıb.
Zəncəfil
Zəncəfil tərkibində dəmir, maqnezium, "B6" və "C" vitaminləri olan qiymətli məhsuldur. Bu zəngin tərkibi sayəsində zəncəfil güclü antioksidant və iltihab əleyhinə təsirə malikdir. Selikli qişaları tənzimləyərək qış mövsümündə burun tıxanıqlığının qarşısını alır. Çaya və ya südə qarışdırılaraq qəbul edilə bilən zəncəfil müdafiə sistemini gücləndirir.
Sarımsaq
Sarımsaq antimikrob təsirə malik olan qidadır. Qiymətli bioloji dəyərləri ilə sarımsaq təbii antibiotik kimi qəbul edilir. Yeməklərə sarımsaq qatmaqla onun xeyirli xüsusiyyətlərindən rahatlıqla bəhrələnmək olar. Qış dövründə sarımsaq qəbulu immunitetin möhkəmlənməsinə dəstək verir.
Brokkoli
Superqida olaraq tanınan brokkoli "C", "A" və "E" vitaminləri baxımından olduqca zəngindir. Həmçinin yüksək lif miqdarına sahib olan brokkoli müdafiə sistemini gücləndirir. Bundan əlavə, bağırsaq sağlamlığına da müsbət təsir göstərir. Brokkoli şorbası və ya buxarda bişmiş brokkoli soyuq mövsüm üçün ən uyğun yeməklər arasındadır.
Çuğundur
Çuğundur yüksək antioksidant və nitrat ehtiva edən qidalardan biridir. Çuğundurun mütəmadi qəbulu iltihabi prosesləri azaldır və qan dövranını yaxşılaşdırır. Bundan başqa, çuğundur tərkibindəki betalain maddələri vasitəsilə immuniteti möhkəmləndirir. Salatlara çuğundur əlavə edərək onun faydalı xüsusiyyətlərindən yararlana bilərsiniz.
İspanaq, vəzəri
Dəmir və antioksidantlarla zəngin olan ispanaq və vəzəri kimi yaşıl göyərtilər təbii antioksidant birləşmələri hesabına müdafiə sistemini gücləndirir. Qış aylarında xəstəliklərdən qorunmaq məqsədilə salatlarda və ya gündəlik yeməklərin yanında bu göyərtiləri istehlak etmək faydalıdır.