M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində müasir tibbi texnologiyalarla təchiz olunmuş Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb. Yeni şöbənin yaradılması dövlət tibb müəssisələrində oftalmoloji xidmətlərin genişləndirilməsi və mürəkkəb göz əməliyyatlarının icrası üçün yeni imkanlar yaradacaq.
Yurd.Media xəbər verir ki, müasir tibbi avadanlıqlarla təchiz olunan şöbəyə 16 illik peşəkar təcrübəyə malik oftalmoloq-cərrah Cahid Şahbazov rəhbərlik edəcək.
Yeni şöbənin fəaliyyətə başlaması ilə əvvəllər əsasən özəl klinikalarda həyata keçirilən bir sıra mürəkkəb oftalmoloji əməliyyatların dövlət tibb müəssisəsində, icbari tibbi sığortanın əhatə etdiyi xidmətlər çərçivəsində həyata keçirilməsi üçün imkan yaranır. Bu, vətəndaşların müasir göz müayinəsi və cərrahi müdaxilələrə əlçatanlığının artırılması baxımından əhəmiyyətlidir.
Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışında çıxış edən TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatların dövlət tibb müəssisələrinin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə və müasir tibbi texnologiyaların tətbiqinə geniş imkanlar yaratdığını bildirib.
“Dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və peşəkar kadr potensialının artırılması və cəlb olunması bu siyasətin əsas istiqamətlərindəndir. Xətai Tibb Mərkəzində yeni şöbənin fəaliyyətə başlaması da vətəndaşların müasir və ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının artırılmasına, dövlət səhiyyə sisteminin imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək”, – deyə Bahadur Rzayev qeyd edib.
Şöbənin rəhbəri, oftalmoloq-cərrah Cahid Şahbazov isə bildirib ki, əsas məqsədlərdən biri müasir oftalmologiya xidmətlərini dövlət tibb müəssisəsində əlçatan etmək və mürəkkəb cərrahi müdaxilələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmaqdır.
“İllər əvvəl dövlətimizin dəstəyi ilə xaricdə təhsil almış həkim kimi qazandığım təcrübəni öz dövlətimə və xalqıma xidmətə yönəltmək istəyirəm. Əsas məqsədlərimizdən biri dövlət və özəl tibb müəssisələri arasında formalaşmış stereotipləri aradan qaldırmaqdır. İstəyirik ki, pasiyentlər mürəkkəb oftalmoloji əməliyyatlar və müasir müalicə imkanları üçün yalnız özəl klinikalara üz tutmaq məcburiyyətində qalmasınlar”, – deyə Cahid Şahbazov vurğulayıb.
Qeyd edək ki, Cahid Şahbazov 1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha sonra Türkiyənin Ege Universitetində “Göz xəstəlikləri” ixtisası üzrə uzmanlıq təhsili keçib. O, Türkiyə Cümhuriyyəti Oftalmologiya Cəmiyyətinin fəxri üzvüdür. Peşəkar fəaliyyəti ərzində dövlət və özəl tibb müəssisələrində çalışıb.
Yeni şöbədə tor qişa və ön seqment patologiyalarının müayinəsi üçün optik koherens tomoqrafiya, Pentacam vasitəsilə buynuz qişanın tomoqrafiyası və topoqrafiyası, pediatrik kontaktsız refraktometriya müayinələri aparılacaq.
Bununla yanaşı, şöbədə mürəkkəb katarakta əməliyyatları, afakiyanın skleral fiksasiyalı intraokulyar linzalarla korreksiyası, vitrektomiya və göz daxili drenaj implantasiyası əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə, müasir texnologiyalar və peşəkar həkim heyəti ilə fəaliyyətə başlayan yeni şöbə dövlət səhiyyə sistemində oftalmoloji xidmətlərin inkişafına, mürəkkəb göz xəstəliklərinin müalicəsinin genişləndirilməsinə və pasiyentlərin ixtisaslaşmış tibbi yardıma çıxış imkanlarının artırılmasına xidmət edəcək.