COVID-19 xəstəliyini keçirmiş 10-19 yaş arasındakı uşaq və yeniyetmələrdə 2-ci tip diabetin inkişaf riski infeksiyadan sonrakı altı aylıq dövrdə yüksək səviyyədə qalmaqda davam edir.
Yurd.Media xəbər verir ki, bu barədə Keyz Vestern Rezerv Universiteti Tibb Məktəbinin (ABŞ) mütəxəssislərinin həyata keçirdiyi yeni elmi araşdırmadan aydın olub. Tədqiqatın nəticələri nüfuzlu "JAMA Network Open" elmi jurnalında nəşr olunub.
Bildirilib ki, geniş həcmli araşdırmada 600 mindən artıq yeniyetmə könüllü olaraq iştirak edib. İştirakçılar iki bərabər qrupa ayrılıb: birinci qrup COVID-19 infeksiyasını keçirmiş şəxslərdən, ikinci qrup isə digər respirator xəstəliklərə (KRX) yoluxmuş şəxslərdən ibarət olub. Tədqiqatçılar eyni zamanda artıq çəkidən əziyyət çəkən iştirakçıların altqrupuna aid məlumatları ayrıca araşdırıblar.
Əldə edilən nəticələr müəyyən edib ki, COVID-19-dan sonra 2-ci tip diabetin yaranma ehtimalı digər respirator xəstəliklərdən sonrakı ilə müqayisədə xeyli dərəcədə yüksək olub. Bundan əlavə, piylənmə problemi olan uşaq və yeniyetmələrdə ciddi xəstəliyin meydana çıxma riski daha da artıb. Sağlamlığa təhdid koronavirus infeksiyasından sonra altı ay müddətində davam edib.
Qeyd olunub ki, COVID-19 ilə diabeti bir-birinə bağlayan dəqiq bioloji mexanizmlər hələlik tam aydınlaşdırılmayıb.
Mütəxəssislər ehtimal edirlər ki, SARS-CoV-2 virusu mədəaltı vəzinin insulin ifrazına məsul olan sistemlərin və ya insulinin orqanizmin hüceyrələrinə çatdırılmasını tənzimləyən proseslərin fəaliyyətini pozma qabiliyyətinə malik ola bilər. Bununla belə, bu fərziyyənin təsdiqlənməsi üçün əlavə elmi araşdırmaların aparılması zəruridir.