Şirvanda "Pizza Time" restoranında kütləvi zəhərlənmə halı baş verib.
Yurd.Media xəbər verir ki, iaşə obyektində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verən zəhərlənmə ilə əlaqədar nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.
Araşdırmalar davam etdirilir.