Ağsuda “Gəncə təndiri” adı altında fəaliyyət göstərən çörək bişirilməsi müəssisəsində natəmizlik aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, qurumun əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhərinin S.Vurğun küçəsində “Gəncə təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb.
Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib.
Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.