SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Göz rənginin dəyişdirilməsi əməliyyatı: fəsadlar və xəbərdarlıqlar

Göz rənginin dəyişdirilməsi əməliyyatı: fəsadlar və xəbərdarlıqlar

  • 13 oktyabr 2026, 23:29

"Keratopiqmentasiyanı gözümüzə qədər gəlib çatan "tatuaj" adlandırmaq mümkündür.
Buynuz qişa döyməsi kimi tanınan keratopiqmentasiya barəsində ilk məlumatlara qədim tibbi mənbələrdə təsadüf etmək olar".

Yurd.Media xəbər verir ki,tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva son vaxtlar geniş yayılan göz rənginin dəyişdirilməsi proseduru ilə əlaqədar fikirlərini bölüşüb.

Onun bildirdiyinə əsasən, həkimlər buynuz qişada çapıqlar səbəbindən meydana gələn ağ ləkə olan leykomanı gizlətmək məqsədilə buynuz qişaya piqment daxil etmək kimi sadə metodlardan faydalanırdılar: "19-cu əsrdə buynuz qişaya döymə texnikası daha geniş yayıldı və müxtəlif buynuz qişa problemləri olan pasiyentlərin gözlərinin xarici görkəmini təkmilləşdirmək üçün tətbiq olundu. Təbiblər arzu olunan nəticəni əldə etmək üçün fərqli bitki və mineral mənşəli piqmentlərdən istifadə edirdilər.

Düzdür, keratopiqmentasiya əməliyyatı qüzehli qişanın lazerlə rəng dəyişdirilməsi ilə müqayisədə daha az travmatikdir, ağrısızdır, prosedur gözlərin doğma rəngini bütünlüklə dəyişdirə bilər və geniş rəng çeşidinə sahibdir.

AMMA, rənglənmiş buynuz qişa ilə göz qeyri-təbii təsir bağışlayır və protezə oxşayır. Boyanın müəyyən müddət ərzində silinə biləcəyini də unutmamaq lazımdır, bu səbəbdən əlavə korreksiyaya ehtiyac yarana bilər. Əməliyyatdan sonra əvvəlki göz rənginizə geri dönməniz qeyri–mümkündür".

Mütəxəssis qeyd edib ki, həmçinin aşağıda sadalanan müxtəlif ağırlaşmalarla üzləşmək mümkündür:

"Fotofobiya, buynuz qişanın deformasiyası, buynuz qişada yeni damarların formalaşması, quru göz sindromu, gözdə yad cisim hissi, buynuz qişanın infeksiyaları (bakterial, virus, göbələk), boyanın qeyri-bərabər dağılması, korluq.

Uğurlu əməliyyat görmə kəskinliyinə və rəng duyumuna mənfi təsir göstərməsə də, qaranlıq mühitdə bəbək böyüdükdə rənglənmiş buynuz qişa zonası optik sahəyə daxil olur və görmə keyfiyyəti zəifləyir. Bundan başqa keratopiqmentasiya bəbək genişlənərkən göz dibinin müayinəsini çətinləşdirir.

Müxtəlif ölkələrdə aparılan tədqiqatlara görə, göz rəngini dəyişdirənlər arasında işığa həssaslıq ən geniş yayılmış əlamətdir. Bəzi rənglər isə tamamilə dəyişikliyə uğraya bilər".

Həkim açıqlayıb ki, bu ilin yanvar ayında Amerika Oftalmologiya Akademiyası göz rənginin dəyişdirilməsi proseduru ilə bağlı mövcud risklər haqqında xəbərdarlıq yayıb.

"Ehtimal olunan fəsadlar sırasında buynuz qişanın zədələnməsi, bulanıqlıq və ya görmə itkisi, işığa qarşı həssaslığın güclənməsi, allergik reaksiyalar, bakterial infeksiyalar, piqmentin qeyri-bərabər yayılması və gözə piqmentin sızması yer alır. Prosedur nisbətən yeni olduğundan və kifayət qədər araşdırılmadığından, uzunmüddətli təsirləri barədə dəqiq məlumat mövcud deyil.

Bu riskləri nəzərə alaraq, Fransa, İngiltərə, Kanada və ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş dövlətlərdə keratopiqmentasiya qadağan edilib. Həmin ölkələrdə əməliyyatın risklərinin potensial estetik üstünlüklərdən xeyli artıq olduğu hesab edilir.

Sosial mediada geniş şəkildə yayılan keratopiqmentasiya ilə bağlı videoçarxlardan təsirlənmiş, tibbi bilikləri məhdud olan vətəndaşlarımızın qeyri-adi istəklərini reallaşdıran, maddi mənfəətini vətəndaşın sağlamlığından üstün hesab edən həkimlərə müraciət etməzdən öncə bir az düşünməyə, məlumatlanmağa, sözün həqiqi mənasında mütəxəssis rəyi almağa çağırırıq sizləri!

Bu növ əməliyyatlar yalnız son dərəcə zəruri hallarda tətbiq edilməlidir!

Rəng dəyişikliyi üçün rəngli kontakt linzalar ən sadə və təhlükəsiz vasitədir. İstənilən rəngi əldə etmə imkanı verir. Linzaların istifadə rejimini və qaydalarını gözləsəniz, ağırlaşmalar və görmə itkisi təhlükəsi yaranmayacaqdır. Üstəlik, istədiyiniz zaman öz təbii göz rənginizə qayıda bilərsiniz", - o söyləyib.

Skat.az - Ev və Avtomobil elanları