Damardaraldıcı burun damcılarına yaranan asılılıq ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Yurd.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin terapiya kafedrasının dosenti, terapevt Natalya Kobelevskaya bildirib.
O vurğulayıb ki, əksər insanlar burun üçün nəzərdə tutulan damardaraldıcı preparatlardan həkim nəzarəti olmadan istifadə edirlər. Asılılıq isə bir-iki aylıq müntəzəm və ya fasiləsiz qəbuldan sonra formalaşmağa başlayır.
Mütəxəssis bildirilib ki, asılılıq yarandıqda dərmana cavab verən reseptorların miqdarı tədricən azalır. Bu səbəbdən minimum təsir əldə etmək üçün belə insanın daha yüksək dozaya ehtiyacı meydana gəlir.
"Lakin bu həcmdə damcı istifadəsi təhlükə daşıyır, çünki bu, arterial təzyiqin yüksəlməsinə, selikli qişaların quruyaraq üzərində qabıqların əmələ gəlməsinə, həmçinin anosmiya – yəni qoxu hissinin itirilməsinə gətirib çıxara bilər", – deyə həkim xəbərdarlıq edib.
Kobelevskaya bu asılılıqdan qurtulmaq üçün mütləq otolarinqoloq həkimə müraciət edilməsini tövsiyə edib.