Hər gün istifadə etdiyimiz bir sıra əşyalar bakteriya, toz və toksinləri özündə toplaya bilir. Ev mühitini ümumiyyətlə təmiz və güvənli hesab etsək də, bəzi gündəlik istifadə olunan əşyalar gözlə görünməyən şəkildə mikrobları və zərərli maddələri yığır.
Sonxeber.az xəbər verir ki, özünüzün və ailənizin sağlamlığına zərər vurmamaq üçün hansı əşyaların müntəzəm olaraq yenilənməli və ya xüsusi baxım tələb etdiyini bilmək çox önəmlidir.
1. Diş fırçası
Amerika Stomatoloji Assosiasiyasının bildirdiyinə əsasən, diş fırçasının tükcükləri zahirən uzun müddət normal görünsə də, zamanla təmizləmə gücü zəifləyir. Fırçanı hər 3-4 aydan bir, yaxud tükcüklər öz formasını itirdiyi zaman yeniləmək məsləhət görülür.
Vannaotağının rütubətli mühiti bakteriya və göbələklərin artması üçün şərait yaradır, buna görə də diş fırçasını hər dəfə istifadədən sonra yaxşıca yuyub quru yerdə saxlamaq gərəkdir.
2. Dəsmallar
Amerika Təmizlik İnstitutunun ekspertlərinin fikrincə, hamam dəsmalları hər istifadədən sonra qurudulmalı və 3-5 dəfə istifadədən sonra yuyulmalıdır. Əl dəsmalları isə hər 1-2 gündə bir yenisi ilə əvəz edilməlidir.
Davamlı rütubətli mühit bakteriyaların sürətlə çoxalmasına zəmin yaradır. Çirkli dəsmalların istifadəsi sızanaq, dəri qıcıqlanması və göbələk infeksiyalarına yol aça bilər. Dəsmaldan naxoş qoxu gəldikdə və ya kif əlamətləri müşahidə edildikdə onu dərhal yumaq lazımdır.
3. Mətbəx süngərləri
Mətbəx süngəri evdəki ən çirkli əşyalardan biri sayılır. Onlarda milyonlarla bakteriya yığılır, bunlara təhlükəli bağırsaq çöpləri və salmonella da daxildir. 2021-ci ildə "Research Gate" platformasında nəşr olunan bir tədqiqata görə, çiy ərzaqla təmasda olan süngərləri yeniləmək və ya dezinfeksiya etmək tələb olunur (məsələn, qaynatma və ya xlor məhlulu ilə yuma yolu ilə). Köhnəlmiş süngərlərin istifadəsi qida zəhərlənməsi ehtimalını artırır.
4. Su butulkaları
Təkrar istifadə olunan butulkalar ekoloji cəhətdən faydalı olsa da, düzgün baxım göstərilmədikdə bakteriya və kif mənbəyinə çevrilə bilər. Xüsusilə plastik modellər və dar ağızlı qablar daha çox risk daşıyır.
Bu butulkaları hər gün ilıq su və sabunla yumaq, plastik olanları isə 6-12 ayda bir dəyişmək lazımdır. Zaman keçdikcə butulkanın daxili divarlarında bioplyonka formalaşır ki, bu da həzm pozğunluqlarına səbəb ola bilər.
5. Ülgüclər
Kütləşmiş ülgüc bıçaqları həm səmərəsizdir, həm də dəri qıcıqlanması və mikro kəsiklərin yaranma riskini artırır. Ülgücü rütubətli vannaotağında saxlamaq bakteriyaların inkişafına əlverişli şərait yaradır.
Mütəxəssislər bıçaqları təxminən 5 dəfə istifadədən sonra dəyişməyi məsləhət görür (bu, saçın sərtlik dərəcəsindən asılı olaraq dəyişə bilər). Köhnə ülgüclərdən istifadə follikulit və dəri infeksiyası riskini yüksəldir.
6. Yastıqlar
Sleep Foundation-un məlumatlarına əsasən, yastıqları hər 1-2 ildən bir yeniləmək tövsiyə edilir. Bu, allergenlərin toplanmasının qarşısını alır, həmçinin baş və boyunun düzgün mövqedə qalmasını təmin edir.
Dəyişdirmə ehtiyacını göstərən əlamətlər bunlardır: elastikliyini itirməsi, naxoş qoxu, saralmış ləkələr, allergik reaksiyaların güclənməsi və ya yuxu zamanı narahatlıq hissi.
7. Saç darağı
Saç daraqları qısa müddətdə toz, tökülmüş saç, dəri yağı və saç düzümü vasitələrinin qalıqlarını özündə cəmləyir. Gigiyenik təhlükəsizliyini qorumaq üçün darağı ən azı həftədə bir dəfə təmizləmək, 6-12 aydan bir isə yenisi ilə əvəz etmək lazımdır.